Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində “Yaşıl fəsil” ekoloji maarifləndirmə proqram çərçivəsində "Su günü" keçirilib. Tədbir Azərbaycan Gənclər və İdman Nazirliyi, “Azərsu” ASC-nin Gənclər Klubunun dəstəyi, “Təbiət Dostları” Gənclər İctimai Birliyi tərəfindən təşkil olunub.
“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Bakı Dövlət Universitetinin, Bakı Mühəndislik Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Texniki Universitetinin tələbələri, “Təbiət Dostları” GİB-nin üzvləri və su sektorunda çalışan gənc mütəxəssislər əvvəlcə kompleksdə suyun emal prosesi ilə tanış olublar.
Ceyranbatan Su Təchizatı İdarəsinin rəis müavini Oruc Bayramov qurğu haqqında geniş məlumat verib, emal prosesdə istifadə olunan ən son texnologiyaların özəlliklərindən danışıb. Qeyd olunub ki, ölkə rəhbərliyinin su sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan müasir su təmizləmə texnologiyalarına yiyələnib və əhalinin keyfiyyətli su təminatı üçün bu texnologiyalardan müvəffəqiyyətlə istifadə edilir.
SCADA otağı ilə tanışlıq zamanı məlumat verilib ki, ən yeni texnologiyaların tətbiq edildiyi kompleksdə bütün texnoloji proseslər tam avtomatlaşdırılıb. Emal prosesinin məsafədən idarə edilməsi SCADA sistemi ilə həyata keçirilir.
Tədbirin seminar hissəsində “Azərsu” ASC Gənclər Klubunun üzvü Fuad Cavadzadənin “Suyun Bakı Səyahəti”, Bakı Dövlət Universitetinin əməkdaşı Aytən Məhərrəmovanın “Qlobal İqlim Dəyişmələri və Ətraf Mühitə Təsirin qiymətləndirilməsi” adlı çıxışları maraqla qarşılanıb. Tədbirin sonunda “Təbiət Dostları” Gənclər Təşkilatının könüllüsü Elman Əsgərov təşkilatın yaranması və fəaliyyət istiqamətləri barədə məlumat verib və tədbirin təşkilinə görə minnətdarlığını çatdırıb.