Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında üzgüçülük yarışları davam edir.
APA-nın məlumatına görə, Azərbaycan yığmasının daha iki üzvü start xəttinə çıxıb.
Oğlanların sərbəst üsulla 400 m məsafəyə mübarizəsində Rəşad Əliquliyev qüvvəsini sınayıb. 15 yaşlı idmançı 4 dəqiqə 19,85 saniyə nəticə göstərib. O, 33 üzgüçü arasında 30-cu yeri tutaraq mübarizəni dayandırıb.
Oğlanların 100 m məsafəyə brass üsulu ilə üzmə yarışlarında isə Əliyar Cahangirov mübarizə aparıb. 1 dəqiqə 01,64 saniyə nəticə göstərən milli üzvü 32 idmançı arasında 30-cu yeri tutub. O da digər üzgüçülərimiz kimi mübarizəni dayandırıb.
Qeyd edək ki, bu gün daha bir idmançımız Məryəm Şeyxəlizadəxangah qızların 100 m məsafəyə sərbəst üsulla üzmə yarışlarında Festivalla vidalaşıb.
***
Saat. 09:51
Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında üzgüçülük yarışları start götürüb.
APA-nın məlumatına görə, Azərbaycan yığmasının mübarizəyə qoşulan ilk üzgüçüsü Məryəm Şeyxəlizadəxangah olub.
O, qızların sərbəst üsulla 100 m məsafədə qüvvəsini sınayıb. İdmançı məsafəni 58,85 saniyəyə qət edib.
M. Şeyxəlizadəxangah 53 iştirakçı arasında 28-ci yeri tutub. 15 yaşlı idmançı bu nəticə ilə növbəti mərhələyə yüksələ bilməyərək mübarizəni dayandırıb.
Qeyd edək ki, bu gün Azərbaycanın daha iki üzgüçüsü start xəttinə çıxacaq.