Azərbaycanın Qax və Zaqatala rayonlarında yağan leysan yağış və güclü külək bir sıra fəsadlar törədib

Azərbaycanın Qax və Zaqatala rayonlarında yağan leysan yağış və güclü külək bir sıra fəsadlar törədib
# 21 iyun 2012 18:33 (UTC +04:00)
Qax-Zaqatala. Vüqar Heydərov-APA. Azərbaycanın Qax və Zaqatala rayonlarında yağan leysan yağış və güclü külək bir sıra fəsadlar törədib. APA-nın yerli bürosunun məlumatına görə, yunun 20-i axşam saat 21-00 rədələrindən başlayaraq 21-ə keçən gecə saatlarına qədər ölkənin şimal-qərb bölgəsində qeyri sabit hava şəraiti hökm sürüb. Belə ki, bölgənin Qax və Zaqatala rayonlarında güclü külək müşahidə olunub, leysan yağışları düşüb. Qax rayon İcra Hakimiyyətindən (İH) APA-ya verilən məlumata görə, güclü külək və leysan yağışları rayonun Qorağan və Şotavar kəndləri ərazisində müşahidə edilib. Nəticəsində rayonun Qorağan və Şotavar kəndlərində əhalinin şəxsi təsərrüfatlarına, əkin sahələrinə, rabitə və elektrik xətlərinə xeyli ziyan dəymişdir. Leysan nəticəsində ərazidən axan çaylarda daşqınlar baş vermiş, nəticədə hər iki kəndin ərazisini, həyətləri, əkin sahələrini su basmış, xeyli sayda ev quşları tələf olub. Güclü külək və leysan yağışları Qoroğan və Şotavar kəndlərində qarğıdalı və biçilməmiş taxıl sahələrini də yararsız hala salıb. Bir sıra evlərin dam örtükləri zədələnmiş, ağaclar aşmış, elektrik və rabitə dirəkləri sınmış, ötürücü xətlər qırılmışdır. Nəticədə hər iki kəndə elektrik enerjisinin verilməsində, rabitənin təmin olunmasında problemlər yaranmışdır. Güclü külək nəticəsində Şotavar kəndinin məktəb binasının pəncərələrinin şüşələrini sınıb, binanın dam örtüyü zədələnib. Günün sonuna kimi hər iki kəndə elektrik enerjisinin verilməsi bərpa edilib.
Hazırda fövqəladə hallar komissiyası əlaqədar strukturlarla birlikdə Qorağan və Şotavar kəndlərində təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirir.
Güclü külək və leysan yağışları Zaqatala rayon ərazisində də müşahidə edilib. Zaqatala rayon İH-dən APA-ya verilən məlumata görə, güclü külək nəticəsində rayon ərazisində bir sıra yerlərdə elektrik naqillərində qısa qapanmalar baş verib, elektrik naqilləri qırılıb. Bu səbəbdən rayonun bir sıra kəndlərinə iyunun 20-i axşam saat 22-00 radələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb. İyunun 21-i günorta saatlarına elektrik xətləri təmir edilərək ərazilərə elektrik enerjisinin verilməsi bərpa edilib. Rayonun Aşağı Tala kəndi ərazisinə qısa müddətli dolu yağıb. Leysan yağışları nəticəsində iyunun 20-dən 21-ə keçən saatlarında rayonun dağ çaylarında suyun səviyyəsi qalxıb. Suyun səviyyəsindəki artım ən çox rayonun Muxax çayında müşahidə edilib. Mayın 7-i baş vermiş zəlzələ nəticəsində ziyan çəkən Gözbarax və Mamrıx kəndlərinə ağır texnikanın hərəkət etməsi üçün Muxax çayı üzərində salınmış alternativ körpü leysan yağışları nəticəsində yararsız hala düşüb. Müvafiq qurumların səyi nəticəsində Muxax çayı üzərindəki alternativ körpü iyunun 21-i günorta saatlarına kimi bərpa edilərək, ağır texnikaların hərəkəti yenidən bərpa edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR