Nəsimi rayonu ərazisində metronun “20 Yanvar” stansiyasının yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan Rüfət Yunusova qarşı quldurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, naməlum şəxs sürücünü kəsici alətlə hədələyərək zərərçəkənin 100 manatını ələ keçirib. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşları tərəfindən “isti” izlərlə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Qurban Rzayev saxlanılaraq istintaqa təqdim edilib.
Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı isə paytaxt sakini Telman Mirbabayevin cibindən içərisində 305 manat olan pul kisəsini oğurlayan Sabunçu rayon sakini İbrahim Əliyev saxlanılıb.
Qeyd olunan hər iki faktla bağlı saxlanılan şəxslər barəsində 19-cu Polis Şöbəsində toplanan materiallar Nəsimi RPİ-yə göndərilib. Q.Rzayev və İ.Əliyev barəsində Cinayət Məcəlləsinin müvafiq olaraq quldurluq və oğurluq maddələri cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.