Ağdamda 2 nəfər minaya düşüb - YENİLƏNİB-1

Ağdamda 2 nəfər minaya düşüb - YENİLƏNİB-1
# 12 aprel 2024 19:02 (UTC +04:00)

Mina partlayışı nəticəsində xəsarət alan 1965-ci il təvəllüdlü Mirfəttah Bağırovun vəziyyəti ağır olaraq qiymətləndirilir.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Bərdə rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov deyib. O bildirib ki, ilkin cərrahi müdaxilə olunub və xəstə reanimasiyaya yerləşdirilib:

"1965-ci il kişi cinsinə aid olan vətəndaşımız Ağdam rayonu ərazisində mina partlayışından xəsarət alaraq xəstəxanamıza müraciət edib. Xəstə ağır vəziyyətdə xəstəxanamıza daxil olub. Daxil olarkən sol baldırın aşağı üçdə biri, yəni pəncə nahiyəsi daxil olmaqla travmatik amputasiyası və sol baldırın arxa səthinin geniş sahəli qəlpə yarlanması, travmatik şok diaqnozu ilə daxil olub. Xəstə yüksək şəkərli diabet xəstəsidir və əvvəllər karaner anger plastik əməliyyatı olunub. Ona görə də xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir. Hazırda lazımi bütün tibbi müdaxilələr icra olunub. Xəstənin reanimasiya yatışı təmin olunur. Vəziyyəti stabilləşdikdən sonra artıq xəstədə cərahhi əməliyyat planlaşdırılır. Hazırda ilkin cərrahi müdaxilə olunub, vəziyyəti stabil ağır olaraq qalır".

Emin Babayev

***

18:08

Bu gün mina partlayışı nəticəsində xəsarət alan Mirfəttah Bağırov Bərdə rayon Mərkəzi Xəstəxanasına aparılıb.

APA-nın xəbərinə görə, digər xəsarət alan Xəqani Teymurov isə Yevlax rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xatırladaq ki, bu gün Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina hadisəsi baş verib.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib ki, 1965-ci il təvəllüdlü Bağırov Mirfəttah Bağır oğlu və 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

Hər iki şəxs ayağından xəsarət alıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Emin Babayev

***

15:08

2024-cü il 12 aprel tarixində Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina hadisəsi baş verib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib.

1965-ci il təvəllüdlü Bağırov Mirfəttah Bağır oğlu və 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

Hər iki şəxs ayağından xəsarət alıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırıb.

Əbülfət Baxşəli

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR