Oktyabrın 6-da gecə saat 2 radələrində paytaxtın Xəzər rayonu ərazisində 1977-ci il təvəllüdlü Qurban Məlikovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xəzər rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, araşdırma zamanı yetkinkinlik yaşına çatmayan Ə.N-nin (şərti) rayonunun Buzovna qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində qohumu və qonşusu Qurban Məlikova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, yetkinkinlik yaşına çatmayan Ə.N (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
***
saat 08.51
Oktyabrın 6-da gecə saat 01 radələrində Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində 1980-ci il təvəllüdlü Etiqad Hacıyev və oğlu İ.Hacıyevin şəxsi münasibətlər zəminində 1977-ci il təvəllüdlü Qurban Məlikova, 1982-ci il təvəllüdlü Könül Məlikovaya və 2003-cü il təvəllüdlü Məzahir Məlikova kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.
APA xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən E.Hacıyev və İ.Hacıyev müəyyən olunaraq saxlanılıb.
Hadisə nəticəsində Q.Məlikov ölüb.
Araşdırma aparılır.
***
03:59
Bakının Xəzər rayonunda qətl hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Hacı İsgəndərzadə küçəsində qeydə alınıb.
Q.Məlikov küçədə qonşuluğunda söyüş söyən şəxsə iradını bildirib. Həmin vaxt naməlum şəxs Q.Məlikova bıçaq zərbələri vurub.
K.Qurbanova və onun oğlu tərəfləri ayırmağa çalışıb. Həmin vaxt ana və oğul da bıçaqlanıb.
Qeyd edək ki, qonşuluqda yaşayan şəxs, yəni hadisəni törədən İnşallah Hacıyev Qurban Məlikovun bibisinin nəvəsidir.
Hadisəni törədən şəxs İnşAllah Hacıyev Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
***
02:33
Bakının Xəzər rayonunda qətl hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.
Belə ki, naməlum şəxs və ya şəxslər fərdi yaşayış evində Qurban Məlikov, onun həyat yoldaşı Könül Qurbanova və oğlu Məzahir Qurbanovu bıçaqlayıb.
Çoxlu qan itirən Q.Məlikov ölüb. Ana və oğul Sabunçu Tibb Mərkəzinə çatdırılıb.
Onların vəziyyəti ağır olaraq qiymətləndirilir.
Hazırda hadisənin səbəbləri araşdırılır.