Bakıda hipermarketdə silahlı insidentlə bağlı təqsirləndirilənlən şəxslərin cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
APA xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttiham aktında deyilir ki, Ruhlan İsmayılov və digərləri əvvəlcədən əlbir olaraq qanunsuz odlu silah əldə edib Xətai rayonu, Əhmədli metrostansiyası yaxınlığında yerləşən "Bravo" hipermarketin girişində yerləşən ATM-ə inkassatorların nə zaman pul yüklədiyini izləyiblər. Daha sonra kafedə görüşən dəstə üzvləri Xətai rayonu ərazisindəki hipermarketdə bankomatı qarət edəcəklərini planlaşdırıblar. Onlar bu məqsədlə "Opel" markalı avtomaşına başqa maşının dövlət nömrə nişanını taxıblar. Onlar bu məqsədlə iz itirməyi planlayıblar. Hadisədən bir gün əvvəl dəstə üzvləri "Bravo" hipermarketdə yerləşən ATM-ə gələn "Unibank" əməkdaşlarını izləyiblər.
Hadisə günü Ruhlan İsmayılov qanunsuz olaraq əldə etdiyi silahla Xətai rayonu Əhmədli metrosu ərazisində yerləşən "Bravo" hipermarketin qarşısına gəlib və silahı paltarının altında gizlədib. Daha sonra dəstə üzvləri inkassatorun "Bravo"ya gəlməsi prosesini izləyərək digər qrup üzvlərinə xəbər ediblər. İnkassatorlar "Bravo" hopermarketə yerləşən ATM-ə pulları yerləşdirərkən Ruhlan İsmayılov ilk olaraq onlara hücum edib. Hadisədən sonra Ruhlan İsmayılov "Tarqovu" ərazisində yerləşən evdə gizlənib.
Təqsirləndirilən şəxslər ittiham aktına münasibət bildiriblər. Onlar özlərini təqsirli bilmədiklərini deyiblər.
Məhkəmə prosesi oktyabrın 18-də davam etdiriləcək.
***
16.24
Bakıda hipermarketdə silahlı insidentlə bağlı təqsirləndirilənlən şəxslərin cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
APA xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını oxuyur.
Qeyd edək ki, hadisə bu il martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketində qeydə alınıb. Belə ki, edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış və “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilib, onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülüb, eləcə də külli miqdarda pul vəsaiti ələ keçirilib.
Cinayət işi üzrə toplanmış mötəbər sübutlar əsasında 6 nəfər - 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə və öldürməyə cəhd etməyə görə, 3 şəxs eyni əməllərinin törədilməsinə köməkliyə görə, 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah hazırlamağa köməkliyə görə, 1 şəxs isə bu cinayət əməlini törətməyə təhrik etməyə görə cinayət məsuliyyətinə cəlb edilib.
Cinayəti icra etmiş Dəyanət Qudrətova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə), 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında, ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən iki şəxsi qəsdən öldürməyə cəhd) 181.3.2 (sağlamlığa ağır zərər vurmaqla quldurluq), 228.2.1, (qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və döyüş sursatını əldə etmə, daşıma və gəzdirmə) 229.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah hazırlama) və digər maddələri, cinayətin törədilməsində köməkçilər - Azər Məmmədov, İbrahim İbrahimov və Səbuhi Qurbanova CM-nin 32.5, 120.2.1, 32.5, 120.2.3, 32.5, 120.2.11, 32.5, 29, 120.2.1, 32.5, 29, 120.2.3, 32.5, 29, 120.2.11, 32.5, 29, 120.2.7, 32.5, 181.3.2, 228.2.1, 229.2.1 və digər maddələri, cinayətin törədilməsində köməkçi - Rövşən İsmayılova CM-nin 228.2.1 və 32.5, 229.2.1-ci, cinayətin törədilməsində təhrikçi Babək İsgəndərova isə CM-nin 228.2.1 və 32.3, 229.2.1-ci maddələri ilə ittiham elan edilib.
Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.
Ölmüş təqsirləndirilən şəxs Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilmiş olsa da, onun barəsində cinayət yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə iş materiallarından barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.
Cinayətin törədilməsində istifadə edilən AKS Lancaster-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatları, “Unibank Kommersiya Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilərək götürülüb.
Cinayət işi üzrə istintaq orqanı tərəfindən Azər Məmmədovun, Dəyanət Qüdrətovun, İbrahim İbrahimovun, Səbuhi Qurbanovun, Babək İsgəndərovun və Rövşən İsmayılovun işi üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.