Külli miqdarda dələduzluq, rəsmi sənədləri hazırlama və saxta sənədlərdən istifadə etmə cinayətlərində ittiham olunan, Belarusdan Azərbaycana ekstradisiya edilən Ağasəmid Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər dindirilib.
Zərərçəkən Araz Ağayev ifadəsində Ağasəlimdən iki mənzil aldğını bildirib: “Mən ondan iki mənzil aldım. Bir mənzili satdım. Digır mənzili təmir edirdim. Sonra bildim ki, mənzil başqa şəxsə də satılıb. Mənə dəyən ziyan ödənilib. Şikayətim yoxdur”.
Təqsirləndirilən şəxs zərərçəkənin ifadəsi ilə razılaşıb və mənzili satarkən sahibinin olduğunu bildiyini etiraf edib.
Digər zərərçəkən Qalammirzə İmanov ifadəsində bildirib ki, təcrübəsiz olduğuna görə, problemlə üzləşib: “Mənə təcili ev lazım idi. Dedilər ki, Yasamalda olan binada ucuz ev var. Yasamalda Ağasəmidlə görüşdüm. Evə baxdım. Razılaşdıq. 74 min pul ödəməli idim. İlkin ödəniş olaraq 50 min ödədim. Mənə sənəd təqdim olunmadı. O, mənə sənəd verəcəyini bildirdi. Ona hissə-hissə 8 min, sonra birdəfəlik 16 min ödədim. Çıxarış alıb “ASAN” xidmətə getdim. Orda mənə çıxarışın saxta olduğunu bildirdilər. Bunu Ağasəmidə bildirdim. O, mənimlə “ASAN” xidmətə gedəcəyini desə də, getmədi. Sonra pulumu ödədi. Şikayətim yoxdur”.
Zərərçəkən Mehman Kərimov sözügedən binadan mənzil almağı dostunun məsləhət gördüyünü deyib: "Mənzilin 82 min qiyməti var idi. İlkin ödəniş zamanı 43 min ödədim, aylıq isə 3 min ödəniş edəcəkdim. 2 ay sonra evi təmir edirdim. Aşağıda qonşular toplaşmışdı. Aşağı düşəndə mənə mənzillərin başqasına da satıldığını dedilər. Sənədimə baxdım. Düz idi. Evin öncəki sahibi dəymiş ziyanı aldığı üçün “ASAN” xidmətdə bununla bağlı ərizə yazdı. Ev mənə qaldı”.
İfadə verən zərərçəkənlərdən yanlız Sadiq Quluyev şikayətçi olub. Bildirib ki, onun məzili ilə bağlı zərər tam ödənməyib: “Mənzilin dəyəri 69 min idi. Mən ilkin ödəniş kimi 35 min ödədim. Qalan pulu daxili kreditlə verəcəkdim. Ümumi 37.700 ödədim. Şirkət mənə 17 min manat ödəyib. 20.700 manat qalıb. Pulumu tələb edirəm. Mülki iddia qaldıracam”.
Proses oktyabrın 18-də davam etdiriləcək.
Qeyd edək ki, iyunun 8-də Baş Prokurorluğun vəsatəti əsasında Belarus Baş Prokurorluğu tərəfindən Azərbaycan vətəndaşı Məhərrəmov Ağasəmid Fərzulla oğlunun ölkəmizə ekstradisiyası haqqında qərar qəbul edilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Ağasəmid Məhərrəmovun dələduzluq, həmçinin, rəsmi sənədləri hazırlama və saxta sənədlərdən istifadə etmə cinayətlərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.
A.Məhərrəmov Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.