Beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı qərar verilib- FOTO

Beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı qərar verilib- FOTO
# 10 oktyabr 2024 12:10 (UTC +04:00)

Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid qismində ifadə verən mərhum Elmira Əhmədovanın qaynı Rüstəm Niftəliyev bildirib ki, Əhmədlə münasibətləri normal olub. Aralarında konflikt olmayıb. O, Əhmədlə sonuncu dəfə restoranda, qardaşı qızının doğum günündə söhbət etdiklərini bildirib.

Rüstəm Niftəliyev məhkəmədən Əhmədin ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Əhmədin qonşusu olan Sevinc adlı qadın ifadəsində bunları deyib: "Səs eşitdim deyə qapının gözlüyündən baxdım. Gördüm ki, Pikə xanım uzanıb. Elə bildim huşunu itirib. Sonra uşaq səsi eşitdim. Uşaq “anama dəymə, onu öldürmə”, deyirdi. Sonra inilti səsi gəldi və səs kəsildi. Əhməd oranı tərk etsə də, mən çölə çıxmadım. Polis gəldikdən sonra çölə çıxdım”.

Əhmədin bacısının yaşadığı binada mühafizəçi işləyən Əkbər Səfərov da məhkəmədə dindirilib. Bildirib ki, həmin gün Əhməd binaya yaxınlaşanda maşını idarə etməsində qəribəlik olub: “Əhməd şlaqbauma yaxınlaşdı. Ondan bu binada yaşadığını soruşanda mənə bura qonaq gəldiyini dedi. Maşını gah binaya yaxın, gah da uzaq yerdə park elədi. Bacısının yaşadığı bloka girdi, sonra oradan çıxdı. Yenidən qayıdanda əlində “Cola” var idi. Təxmini 30 dəqiqə blokun qarşısında qaldı. Tez-tez siqaret çəkirdi. Sonra maşına minib getmək istədi. Mən ondan hara gəldiyini soruşanda isə sərt formada “Bayaq dedim axı sənə qonaq gəlmişəm” dedi və sürətlə oradan uzaqlaşdı”.

Əhmədin evinin yanında inşaat malları mağazası işlədən Vüqar Nadirovun istintaqa verdiyi ifadə səsləndirilib. O, ifadəsində bildirb ki, həmin gün işə gec gəlib: “Günorta saatları idi. Əhməd əli qanlı, dəsmalla sarıqlı formada mağazaya daxil oldu. Balta istədi. Mən ona baltaları göstərdim. Balta seçdi, ödəniş edərək getdi”.

Əhmədin qohumu Vüqar Əhmədov isə ifadəsində bildirib ki, Əhmədlə 6 ay Moskvada yaşayıblar: "Ondan artıq hərəkətini görməmişəm. O, Moskvada atası ilə birlikdə restoranda işləyirdi. Hadisədən az müddət öncə atası ilə birgə çayxanada oturmuşduq. Mənə dedi ki, sabah Əhmədi Mərdəkana aparmalıyam. Ağrıları başlayıb”.

Bununla da ifadələr yekunlaşıb və sənədlərin tədqiqi başlayıb. Sənədlər tədqiq ediləndən sonra dövlət ittihamçısı çıxış edib. Prokuror Əhməd Əhmədovun cinayəti anlaqsız törətdiyini əsas gətirərək cəzadan azad edilməsini, ixtisaslaşmış xəstəxanada məcburi müalicə olunmasını istəyib.

Daha sonra Əhməd Əhmədova son söz demək üçün söz verilib. O, deyəcək sözünün olmadığını bildirib.

Məhkəmə qərar qəbul etmək üçün müşavirəyə gedib. Müşavirədən sonra prosesdə qərar elan olunub.

Məhkəmənin qərarına əsasən, Əhməd Əhmədov ixtisaslaşmış psixiatriya xəstəxanasında (Respublika Psixiatriya Xəstəxanası) məcburi müalicə ediləcək.

Xatırladaq ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Əhməd Əhmədova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxənası” publik hüquqi şəxsinə yerləşdirilib.

İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR