Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1499 nəfər cəlb edilib, onlardan 33 nəfəri xarici ölkə vətəndaşıdır.
APA xəbər verir ki, bu barədə məlumat Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yanvar-aprel dövrünü əhatə edən hesabatında qeyd olunub.
Bildirilib ki, məsuliyyətə cəlb edilmiş şəxslərdən ümumilikdə 329 kq 616,125 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb:
"Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 78 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 878 kq 036,802 qr və 4263 həb metadon narkotik vasitə və psixotrop maddə və 13 155 ədəd həb güclü təsir edən maddə çıxarılıb. Ümumilikdə, aşkar edilmiş cinayətlərin 79 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 851kq 627,833 maddə müsadirə edilib. 621 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 555 kq 050,4 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
Təhlil göstərir ki, 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 804, qanunsuz satış ilə bağlı faktların sayı 175, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 627, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiya edilməsi faktlarının sayı 3, qrup halında olan cinayətlərin sayı 5 fakt,məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 516 nəfər azalıb.
Qaçaqmalçılıqla bağlı faktların sayı 4, bu kateqoriyadan olan digər cinayətlərin sayı 2 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 330 kq 260,076 qr artıb.
2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 195 kq 544,168qr (58,2%), psixotrop maddələrin çəkisi 37 kq 416,919 qr (35,5%) azalıb.
Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 2 ton 271 kq 278,043 qr-n (87,5 %) marixuana təşkil etmişdir. Onun da 2 ton 062 kq 307,143 qramı (90,7%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 208 kq 970,9 qramı (9,2 %) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib".