Bu ilin yanvar-avqust aylarında hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7170 cinayət faktı aşkarlanıb.
APA xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan bildirilib.
Onlardan 2228-i narkotik vasitələrin qanunsuz satışı, 4736-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 202-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 4-ü isə digər cinayətlərlə bağlı olmuşdur.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 092 kq 868,748 qr narkotik vasitələrin və psixotrop maddələrin 471 kq 204,959 qr-nı heroin, 4 ton 178 kq 838,75 qr-nı marixuana, 127 kq 993,641 qr-nı tiryək, 30 kq 959,401 qr-nı həşiş, 164 kq 202,097 qr-nı psixotrop maddələr, 119 kq 669,9 qr-nı digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 14768 ədəd metadon, 12621 ədəd çətənə kolu, 44 qr və 240 ədəd güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülmüşdür.
Qanunsuz dövriyyədən çıxarılmış 5 ton 092 kq 868,748 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 120 milyon 733 min AZN kimi qiymətləndirilir.