FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin taktiki-xüsusi təlimi keçirilib - VİDEO

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin taktiki-xüsusi təlimi keçirilib - VİDEO
# 05 mart 2024 12:26 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə üç gün davam edən taktiki-xüsusi təlim keçirilib.

APA FHN-ə istinadən xəbər verir ki, təlimin ilk günü Akademiyanın “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi fakültəsinin 3-cü kurs kursantları üçün dəyirmi masa təşkil olunub. Kursantların beynəlxalq humanitar əməliyyatlara hazırlıq üzrə bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən tədbirdə çıxış edən təlimin rəhbəri Nazirliyin Baş Əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev və FHN Akademiyasının rəis müavini polkovnik Aslan Hüseynov tədbirin əhəmiyyətini vurğulayaraq iştirakçılara uğurlar arzulayıblar. Dəyirmi masada kursantlara Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin fəaliyyətinə və beynəlxalq humanitar əməliyyatlarla həsr olunnuş təqdimatlar edilib, suallar cavablandırılıb. Təlimin ikinci günü Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin taktiki-xüsusi təliminə start verilib. Əvvəlcə, Dəstənin vəzifələrinə və fövqəladə hallar zamanı fəaliyyət üzrə sənədlərə diqqət yetirilib, eyni zamanda bundan əvvəl təşkil olunmuş təlimlər, eləcə də Dəstənin şəxsi heyətinin beynəlxalq təlim və kurslarda iştirak etmiş əməkdaşları tərəfindən öyrənilmiş təcrübə təlim iştirakçıları ilə bölüşülüb. Akademiyanın kursantları Dəstənin fəaliyyəti ilə tanış olub, taktiki-xüsusi təlimi yaxından izləyiblər. Təlim zamanı Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şərti baş vermiş zəlzələ ilə əlaqədar yardım üçün müraciət etmiş ölkəyə göndərilməsi, müvafiq plan əsasında səfərə hazırlıq işlərinin aparılması, texniki vasitələrin “zərərçəkmiş” zonaya çatdırılması təmin olunub. Təlim prosesində şərti hadisə yerindəki mövcud vəziyyətin qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, dağıntılar altından zərərçəkmişlərin xilas edilməsi üzrə tədbirlər həyata keçirilib. Təlim zamanı, həmçinin yerli fövqəladə hallar orqanı (LEMA) ilə qarşılıqlı fəaliyyət, gömrük və sərhədkeçmə prosedurlarının yerinə yetirilməsi üzrə qaydaların tədrisi diqqət mərkəzində saxlanılıb. Təlimdə fəaliyyətə dair təhlükəsizlik qaydalarının öyrənilməsinə, həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanmasına, beynəlxalq təlimatlarda nəzərdə tutulan fəaliyyətin planlaşdırılması və icrası üzrə plan, məlumat və hesabat xarakterli sənədlərin hazırlanması üzrə bilik və bacarıqların artırılmasına xüsusi diqqət yetirilib. Təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub. Təlimin sonunda əldə edilmiş nəticələrin müzakirəsi məqsədilə toplantı keçirilib, müvafiq tapşırıqlar verilib. Sonuncu gün Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin və Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin birgə təşkilatçılığı ilə taktiki-xüsusi təlimlə tanış olmuş Akademiyanın kursantları arasında “Xəmsə” intellektual bilik yarışı keçirilib. Maraqlı və gərgin mübarizə şəraitində keçən bilik yarışının sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR