Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Sumqayıt şəhəri, Bulvar küçəsində, yerləşən “MİDA” yaşayış kompleksində “Yanğınların söndürülməsi və insanların təxliyyəsinin təşkili” mövzusunda yanğın-taktiki təlim keçirilib.
Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd çoxmərtəbəli yaşayış binalarında yanğınlar zamanı əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu tipli obyektlərdə yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə aidiyyəti heyətin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Təlim zamanı kompleksdə yerləşən binaların birində şərti yanğın yerinə operativ çatan FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri sakinlərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.
Təlimə Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətləri, Sumqayıt Regional Mərkəzinin ümumilikdə 8 ədəd texnika və 40 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.
Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.