Sentyabrın 30-u İsmayıllı şəhər sakini 1958-ci il təvəllüdlü Füzuli Ağamalıyevin müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
APA xəbər verir ki, bu barədə İsmayıllı Rayon Prokurorluğu məlumat yayıb.
İlkin araşdırma zamanı 1979-cu il təvəllüdlü Elçin Mirzəzadənin şəhər ərazisində yerləşən ictimai-iaşə obyektlərindən birində kəsici-deşici alətlə Füzuli Ağamalıyevə xəsarət yetirməsi və sonuncunun həmin xəsarət nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. Elçin Mirzəzadə iş üzrə şübhəli şəxs qismində tutulub.
***
Saat 20:19
Sentyabrın 30-u saat 18 radələrində İsmayıllı şəhər sakini 1958-ci il təvəllüdlü Ağamalıyev Füzuli Səmid oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi yardımlara baxmayaraq, ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə F.Ağamalıyevə kəsici alətlə xəsarət yetirib onu öldürməkdə şübhəli bilinən 1979-cu il təvəllüdlü Mirzəzadə Elçin Əfqan oğlu saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.