Lənkəran rayon mərkəzi xəstəxanası, rayon ərazisində baş verən qəzada xəsarət alanlar haqqında açıqlama verib.
Xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev APA-nın cənub bürosuna bildirib ki, 12 iyun 2024 – cü il tarixində axşam 21:35 radələrində Lənkəran rayonunun Yuxarı Nüvədi kəndi ərazisində baş verən piyada vurma hadisəsi nəticəsində bir nəfər qadın, iki nəfər uşaq qapalı – kəllə beyin travması, sol mil sümüyünün sınığı, sol bazu sümüyünün sınığı, kürək sümüyünün sınığı, döş qəfəsinin küt travması diaqnozları ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib.
Xəsarət alanların müalicəsi təcili yardım şöbəsində davam etdirilir.
***
23:43
Lənkəranda yas mərasimindən qayıdan nənə və azyaşlı nəvələrini maşın vurub.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA - nın cənub bürosuna verilən məlumata görə, iyunun 12-si saat saat 21 radələrində radələrində Lənkəran rayonu ərazisində S.Quliyev idarə etdiyi "Vaz 2105" markalı avtomobillə yol kənarında dayanmış "Vaz 21015" markalı avtomobilə vurduqdan sonra idarəetməni itirib və 3 nəfər piyadanı vurub.
Nəticədə 3 yaşlı Duyğu Məmmədli dünyasını dəyişib, M.Ağaliyeva və U.Məmmədli xəsarət alıblar.
Araşdırma aparılır.
***
23:01
Lənkəranda yas mərasimindən qayıdan nənə və azyaşlı nəvələrini maşın vurub və digər avtomobilə çırpılıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə axşam saatlarında Lənkəran rayonunun Yuxarı Nüvədi kəndi ərazisində baş verib.
Hərəkətdə olan minik avtomobili 2021-ci il təvəllüdlü D.M, 2019-cu il təvəllüdlü U.M və nənələri 1968-ci il təvəllüdlü Mərziyyə Fitat qızı Ağaliyevanı vurub.
Hər üç yaralı ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
3 yaşlı nəvənin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, 3 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb.
Nənə və 5 yaşlı nəvənin müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.