"Leyli və Məcnun" operasının afişasında fərqli ad göstərilməsi narazılıq doğurub

"Leyli və Məcnun" operasının afişasında fərqli ad göstərilməsi narazılıq doğurub
# 06 dekabr 2023 23:24 (UTC +04:00)

Bakı Musiqi Akademiyasının nəzdindəki Opera Studiyasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının bu gün nümayiş olunan "Leyli və Məcnun" 2 pərdəli operasında biletdə adları göstərilən Xalq artisti Mənsum İbrahimov, Əməkdar artistlər - Arzu Əliyeva və Təyyar Bayramovun yox, fərqli ifaçıların səhnə alması tamaşaçıların etirazına səbəb olub.

APA xəbər verir ki, tamaşaya bilet alan qonaqlar sosial media hesablarında bu barədə tənqidi fikirlər yazıblar.

Onların sözlərinə görə, afişalarda Xalq və əməkdar artistlərin adların istifadə olunsa da, operada Bakı Musiqi Akademiyasının tələbələri səhnə alıb.

Məsələ ilə əlaqədar Bakı Musiqi Akademiyasının prorektoru Yeganə Axundova APA-ya açıqlamasında bildirib ki, sözügedən tamaşada səhnə alan ifaçılar akademiyanın tələbələri deyil.

"Akademiyada xanəndəlik ixtisası yoxdur. Ona görə də o ifaçılar bizim tələblərimiz deyil. Hazırda opera studiyasında müxtəlif tədbirlər, konsertlər keçirilir, eyni zamanda, təmirlə əlaqədar olaraq Opera və Balet Teatrının tamaşaları da. Yəqin, bizim səhnədə nümayiş olunduğuna görə akademiyayanın da adı hallanır".

Opera və Balet Teatrından isə APA-nın sorğusuna cavab olaraq bildirilib ki, teatrın afişalarında ifaçıların adları məhz olduğu kimi qeyd olunub: "Leyli rolunda Rəvanə Əmiraslanlı və Məcnun rolunda isə Xəyal Hüseynov olub. Adları çəkilən hər iki ifaçı Opera və Balet Teatrının solistləridir".

Teatr sözçüsü tamaşaçıları bilet alarkən diqqətli olmağa çağırıb: "Çünki Xalq artisti Mənsum İbarhimov və digər əməkdar artistlərin səhnə alacağı "Leyli və Məcnun" iki pərdəli operası yanvar ayında nümayiş üçün nəzərdə tutulub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR