Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 3250m2 olan bir dam altında tikilmiş müxtəlif təyinatlı obyektlərdən mebel sexinin taxta atmaları 400m2 və içərisindəki mebel əşyaları 100m2 sahədə, avtomobil təmiri sexi 100m2 sahədə və sexdəki 1 ədəd avtomobilin yanar hissələri, avtomobil ehtiyat hissələrinin satışı sexinin dam örtüyü 20m2 sahədə və açıq əraziyə yığılmış mebel avadanlıqları 40 m2 sahədə yanıb.
Obyektin böyük hissəsi, həmçinin təmirə dayanmış 5 ədəd avtomobil və avtomobil ehtiyat hissələri yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.
***
02:27
Bakının Nizami rayonunda mebel sexləri olan obyektdə yanğın olub.
APA xəbər verir ki, hadisə Nizami rayonu, Kamil Balakişiyev küçəsində qeydə alınıb.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub.
Ərazi polis əməkdaşları tərəfindən mühafizəyə götürülüb. Eyni zamanda, çağırış ünvanına təcili tibbi yardım briqadası da cəlb olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.