Qobuda sahibsiz itlərin hücum etdiyi azyaşlının vəziyyəti açıqlanıb - YENİLƏNİB

Qobuda sahibsiz itlərin hücum etdiyi azyaşlının vəziyyəti açıqlanıb  - YENİLƏNİB
# 04 mart 2024 12:44 (UTC +04:00)

Qobuda sahibsiz itlərin hücum etdiyi azyaşlının vəziyyəti açıqlanıb.

Kliniki Tibbi Mərkəzin uşaq cərrahı Fuad Məmmədov APA-ya açıqlamasında bildirib ki, azyaşlı xəstəxanaya gətirildiyində ağır şok vəziyyətində idi:

"Verilən məlumata görə uşaq 3 it tərəfindən hücuma məruz qalıb. Vücudunun demək olar, hər yerində dişlənmiş, dəlinmiş, əzilmiş yara izləri var idi. Xəstəyə təcili yardımda beynəlxalq protokollara əsasən təcili müdaxilə edilib. Xəstə xəstəxanaya gətiriləndən sonra təcili şəkildə əməliyyata çıxarılaraq reanimasyon tədbirlər icra edilib və əməliyyata başlanılıb. Xəstəyə cərrahi olaraq bu tip yaralarda gərəkli olan, protokola əsasən cərrahi müdaxilə edilib. Xəstə əməliyyat sonrası reanimasiya şöbəmizə yerləşdirilib. Burada xəstəyə beynəlxalq protokollara uyğun formada nə lazımdırsa, edilir".

“Hazırda xəstənin vəziyyəti ağırdır və palataya nə zaman köçürülməsi və ya yenidən əməliyyat olunması bağlı öncədən proqnoz vermək hələ tezdir”, - deyə həkim qeyd edib.

Ləman Salehli

Aləmdə Nəsib

***

11:02

Sosial şəbəkələrdə Qobu qəsəbəsində sahibsiz itin azyaşlıya xəsarət yetirməsi ilə bağlı görüntülər yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev APA-ya bildirib ki, hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb. Sahibsiz it 2014-cü il təvəllüdlü azyaşlıya hücum edərək ona xəsarət yetirib. Uşaq xəstəxanaya yerləşdirilib.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, martın 3-ü saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.

Səlcuq Elçin

Aləmdə Nəsib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR