"Gündəlik Bakı" qəzetinin baş redaktorunun məhkəməsində zərərçəkmiş şəxslər ifadə verib

"Gündəlik Bakı" qəzetinin baş redaktorunun məhkəməsində zərərçəkmiş şəxslər ifadə verib
# 30 yanvar 2018 09:27 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Xəyalə Məlikova ifadə verib.

O qeyd edib ki, Habil Vəliyevi bağışlayıb və heç bir şikayəti yoxdur.

Hotel işlətdiyini deyən zərərçəkmiş Hatəm Rəhimov Habil Vəliyevə pul verdiyini açıqlayıb: "Hotelə görə məni şantaj edirdilər. 22 min manat pul vermişəm. Bunu bir neçə dəfə vermişəm. Barəmdə olan yazılar sonra getmədi. Pulu Habilin özü yox, Surxay vasitəlisə vermişəm. Mənə dəyən ziyan ödənilib. Heç bir şikayətim, tələbim olmayıb".

Zərərçəkmiş Ramil Quliyev də Habil Vəliyevə pul verdiyini bildirib.

Habil Vəliyev çıxış edərək zərərçəkmiş şəxsin yalan danışdığını, Ramil Quliyevdən pul tələb etmədiyini deyib.

Proses fevralın 8-də davam etdiriləcək.

Qeyd edək ki, iş üzrə təqsirləndirilən "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli barəsində aparılan ibtidai istintaq başa çatıb və onların cinayət işi H. Vəliyevin cinayət işindən ayrılıb.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru S. Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb. Onların barəsində həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər DTX-da araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR