Nərimanov rayonunda tikinti obyektinin gecə növbətçisinin olmadığını bilən tanışlar orada olan materialları oğurlamaq qərarına gəlirlər. Səməd Vurğun küçəsində yerləşən “Yasmin” ticarət mərkəzinin həyətyanı sahəsinə daxil olanlar oradan 7 min manat dəyərində elektrik avadanlığı oğurlayıb, elə ertəsi gün də onu dəyər dəyməzinə təxminən 1100 manata satırlar. Polisə oğurluqla bağlı məlumatı obyektin sahibi verir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Zöhrab Nəbiyev və Tovuz rayon sakini Ədalət Nağıyev tutulublar. Nərimanov polis idarəsinin baş müstəntiqi Zahir İsmayılovun sözlərinə görə, saxlanılan şəxslər barəsində 177.2 yəni qrup şəklində oğurluq maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar davam edir.
Nizami polisi isə külli miqdarda narkotik vasitəni ünvanına çatdırmaq istəyən 17 yaşlı gənci saxlayıb.
İstintaqla müəyyən olub ki, Çavanşır Bayramov 7 kilodan yuxarı qurudulmuş marixuananı satıb əldə olan gəliri borclarına verməliymiş. İfadəsində saxlanılan sellofan torbada olan narkotik vasitəni tanımadığı adamdan aldığını desə də, polis onun əvvəllər də analoji cinayətdə iştirakını istisna etmir.
Maddi sübutla həbs olunan gənc barəsində indi istintaqda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işi açılıb.