Bakı. Hafiz Heydərov - APA. Bu gün Baş Prokurorluqda prokurorluq orqanları tərəfindən 2013-cü ilin birinci yarısında “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyətinə və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, müşavirədə məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, hesabat dövründə Azərbaycan Respublikası Prokurorluğu tərəfindən digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər Nazirliyi ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, dövlət müstəqilliyinin, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlər görülüb. 2000-ci ilin aprelindən başlayan hərtərəfli islahatlar prosesi yeni müstəvidə davam etdirilib, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, çatışmazlıqların aradan qaldırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilib.
Qeyd olunub ki, əldə edilən müsbət iş göstəriciləri ilə yanaşı, məhkəmələr tərəfindən bir sıra cinayət işlərinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlara qaytarılması, müstəntiqlər və prokurorlar barəsində xüsusi qərarların çıxarılması hallarının mövcudluğu bu fəaliyyət istiqaməti üzrə qüsur kimi dəyərləndirilməklə, onların aradan qaldırılması, cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar insan hüquq və azadlıqlarının real təmini üçün zəruri tədbirlərin görülməsi, mövcud nəzarət mexanizminin daha da təkmilləşdirilməsi barədə tapşırıqlar verilib.
Müşavirədə həmçinin bildirilib ki, 2013-cü ilin birinci yarısında 17 prokurorluq işçisi xidməti və icra intizamını pozduğuna görə intizam məsuliyyətinə cəlb edilib. Bütün struktur qurumların rəhbərlərinin, rayon və şəhər prokurorlarından ilk növbədə xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və mənfi təzahürlərə münasibətdə prinsipiallığın artırılması üçün ən qəti tədbirlər görülməsi tələb olunub.
Diqqətə çatdırılıb ki, prokurorluq orqanları tərəfindən 2013-cü ilin birinci yarısında görülmüş işlərin vəziyyəti bölgələr üzrə keçirilən əməliyyat müşavirələrində müzakirə edilib, Baş prokurorun müavinləri, Kollegiya üzvlərinin sədrliyi və tabe şəhər və rayon prokurorluqlarının bütün əməkdaşlarının iştirakı ilə Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində, İsmayıllı, Tərtər və Masallı rayonlarında keçirilmiş geniş əməliyyat müşavirələrində hesabat dövründə görülmüş işlərin real vəziyyəti, mövcud nöqsanlar və çatışmazlıqları doğuran səbəblər hərtərəfli və prinsipial təhlil edilib. Əməliyyat müşavirəsində 2013-cü ilin birinci yarısında prokurorluq orqanları tərəfindən görülmüş işlər və bu məsələnin bölgə müşavirələrində müzakirəsinin nəticələri barədə Baş prokurorun birinci müavini Rüstəm Usubovun məruzəsi dinlənilib.