Bakı-APA. Jurnalist, dia.az saytının baş redaktoru Məhəmməd Zamanov (Ərsoy) bir qrup şəxs tərəfindən döyüldüyünü deyib.
Bu barədə APA-ya M. Ərsoy özü məlumat verib.
Jurnalist bildirib ki, o, bu gün axşam saatlarında iki nəfər məktəb yoldaşı ilə Nəsimi rayonunda yerləşən “Alma” kafesində nahar edirmiş. Bu vaxt qonşu masada olanlarla onun arasında mitinq məsələsi üstündə mübahisə düşüb.
M. Ərsoyun iddiasına görə, qonşu masadakılar mitinqi tərifləyiblər, onun buna etirazı isə davaya səbəb olub: "Mən onları tanımıram".
M. Ərsoy bildirib ki, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub və polislər onu 1 saylı Klinik Mərkəzə gətiriblər.
Jurnalistin sözlərinə görə, hadisə nəticəsində o, ayağından sınıq xəsarətləri alıb: “Həkimlər rentgen elədilər. Ayaq sümüyümdə sınıq var. Əməliyyat olunmalıyam”.
Faktla bağlı Nəsimi rayon 20-ci polis bölməsi araşdırma aparır.
Faktı 20-ci polis bölməsi APA-ya təsdiqləyib. Bölmədən bildirilib ki, hazırda həmin faktla bağlı təhqiqat aparılır. Tədqiqatçı Anar Zeynalovdur.