Bakı. Nizam Rza-APA. Daxili İşlər Nazirliyi reper Səid Əliyevin (Dadonun) həbs olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, Səid Əliyev Bakının Nəsimi rayonu ərazisində konkret hüquqpozma faktına görə saxlanılıb və barəsində inzibati həbs qərarı çıxarılıb. Nazirlik rəsmisi reperin bir müddət əvvəl ifa etdiyi “YPX” adlı mahnıya görə həbs edilməsi iddialarını isə birmənalı şəkildə təkzib edib: “Səid Əliyev ictimai qaydanı mühafizə funksiyasını yerinə yetirən edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığına görə saxlanılıb. Bununla bağlı polis tərəfindən İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsinin tələbinə uyğun olaraq inzibati protokol tərtib olunub və məhkəməyə göndərilib. Nəsimi rayon məhkəməsinin qərarı ilə onun barəsində 10 sutka müddətində inzibati həbs qərarı çıxarılıb”.
Qeyd edək ki, Səid Əliyevin yaxınları onun həbsi ilə bağlı ölkə rəhbərliyinə müraciət edib.