APA-nın xəbərinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, girovun qaytarılması prosesi Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfdən Tavuş əyalətinin Kayanavan məntəqəsində həyata keçiriləcək.
Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından isə APA-ya bildirilib ki, Telman Əliyevin sabah saat 12 radələrində geri qaytarılması gözlənilir.
Məlumata görə, artıq komissiyanın əməkdaşları danışıqlar aparılan əraziyə gediblər. Sabah qeyd edilən vaxtda ermənilərlə danışıqlar olacaq. Girovun Azərbaycanın Qazax rayonu istiqamətində qaytarılması nəzərdə tutulur.
Qeyd edək ki, Qazax rayonu Alpout kənd sakini Telman Cavanşir oğlu Əliyev noyabrın 12-də girov götürülüb.
Ermənistan Müdafiə Nazirliyi Qazax rayon sakini 41 yaşlı Telman Cavanşir oğlu Əliyevin noyabrın 12-də səhər 07.45 radələrində Tavuş vilayəti istiqamətində sərhədi keçdiyini bildirib.