Goranboy. Azər Məmmədli - APA. Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.
Goranboy rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Goranboy rayonunun Goran qəsəbəsində olub.
Rayon sakini, 35 yaşlı Samir Alıyev şəxsi münasibətlər zəminində həmyerlisi, 33 yaşlı Ruslan Nuriyevi bıçaqla vurub. Zərərçəkmiş yaxınlıqdakı insanların köməkliyi ilə dərhal Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
İlkin tibbi yardım göstərildikdən sonra xəstənin vəziyyəti ağırlaşıb və o, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyi nəticəsində zərərçəkmişin həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Samir Alıyev isə saxlanılıb.
Polis şöbəsindən bildiriblər ki, hər iki şəxs Goran qəsəbəsində gecə saatlarında xırda ticarətlə məşğul olur. Mübahisənin müştəri üstündə baş verdiyi bildirilir.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.