Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya bildirib ki, ETSN-nin müvafiq qurumları fövqəladə iş rejiminə keçib. Hadisə yerində Nazirliyin 150-dək əməkdaşı Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları ilə birgə közərtilərin tam olaraq söndürülməsinə çalışırlar.
Bu tədbirlər ona görə aparılır ki, külək yenidən alovlanmaya səbəb ola bilər.
Qeyd edək ki yanğın əsasən 3 istiqamətdə baş vermişdir. Artıq hər 3 istiqamətdə alovun lokallaşdırılmasına nail olunub.
Gecə saatları olmasına baxmayaraq, nazirliyin əməkdaşları hazırda közərtilərin tam söndürülməsi istiqamətində tədbirləri davam etdirirlər.
Yanğın əsasən Lerik Meşə Mühafizəsi və Bərpası Mərkəzinin Razvandaband meşəbəyiliyinin 23 A dolayında, Hirkan milli parkının Haftoni meşəbəyiliyinin 21-ci dolayında və Hirkan milli parkının Şirtük adlanan ərazisində qeydə alınmışdır. Hər 3 istiqamətdə yanğın lokallaşdırılıb, közlərin söndürülməsi istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, hadisənin ciddiliyi nəzərə alınaraq ETSN-in fövqəladə hallar üzrə Tədbirlər Mərkəzinin lazımi avadanlıqları götürülərək, nazirliyin 20 nəfərlik heyəti də bu gün Lerik rayonuna yola düşüb.