GÜNÜN ŞƏRHİ
Türkiyə Suriyanın legitim hakimiyyətinə münasibətdə manevr etmək istəmir. 15 iyul hadisələrindən sonra Əsədə münasibətdə mövqelərdə yumşalma müşahidə olunsa da, dünəndən etibarən Türkiyənin xarici siyasəti əvvəlki mövqelərə qayıdıb. Səbəbi yalnız təxmin etmək olar. Hələbdə atəşkəs elan olunması ətrafında baş verənlər Əsəd rejiminin mülki insanlara qarşı münasibətdə səmimi olmadığını göstərdi. Atəşkəsin qüvvəyə minməsinə bir neçə saat qalmış Hələbdə mülki obyektlərin bombalanması, onlarla insanın öldürülməsi bunu göstərdi. Dünən isə atəşkəs rejiminin başa çatdığını birtərəfli elan edən Suriyanın ilk işi yenə humanitar vəziyyəti pozmaq oldu. Humanitar yardım karvanının bombalanması Əsəd rejiminin kompromisdən uzaq olduğunu göstərir, Hələb isə Türkiyə üçün olmazsa olmazdır. Ankara Misaki Milli sərhədləri çərçivəsində yerləşən üç mühüm şəhərdən biri olan Hələbdə baş verənlərə göz yummayacağını bəyan edib və hər kəsi bölgədəki maraqlarına hörmətlə yanaşmağa çağırıb. Prosesin görünüşdə üçüncü, reallıqda isə birinci tərəfi olan Rusiyanın mövqeyi ilk baxışdan anlaşılmır. Moskva həm Hələbdə atəşkəsin qorunmasına tərəfdar olduğunu bildirir, digər tərəfdən şəhərin bombalanmasında birbaşa iştirak edir. Belə görünür ki, Moskva üçün Türkiyə və Suriya bir-birinə qarşı istifadə olunmaq üçün seçilən tərəflərdir, bu iki tərəfi qarşı-qarşıya qoymaqla Rusiya hər iki ölkə üzərində təzyiq imkanlarını artırmış olur.