Komando döyüşçüsü: Hadrutda bir istiqamətdə təşkil etdiyimiz pusqu ilə düşmənin 85 nəfərini və hərbi texnikalarını məhv etdik - FOTO

Komando döyüşçüsü: Hadrutda bir istiqamətdə təşkil etdiyimiz pusqu ilə düşmənin 85 nəfərini və hərbi texnikalarını məhv etdik - FOTO
# 09 oktyabr 2024 13:22 (UTC +04:00)

Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ildönümü ilə əlaqədar qəsəbəyə və yaxınlığında yerləşən yüksəkliklərə media-tur təşkil olunub.

APA-nın media-turda iştirak edən əməkdaşı xəbər verir ki, Müdafiə Nazirliyinin təşkil etdiyi media-turda Vətən Müharibəsinin iştirakçısı olan hərbçilər, hərbi ekspertlər də iştirak edib.

Hadrutun azad edilməsi əməliyyatinda tabor komandiri kimi iştirak edən polkovnik-leytenant M. Şükürov həmin günləri qürur hissi ilə xatırladığını deyib. Bildirib ki, ərazinin azad edilməsi uğrunda gedən döyüşlər Azərbaycan ordusunun fantastik gücünü düşmənə göstərib: “Gördüyünüz bu təpələrlə, dağlarla iki gün yol gəldik. Zirvəyə çatdıqda isə xüsusi təyinatlı qüvvələrin qrupları ilə birlikdə Hadrut qəsəbəsi istiqamətinə hərəkət başladı. Bilirsiniz ki, Hadrut 30 il düşmən işğalında idi. Qəsəbənin hər tərəfinə düşmən yaxşı bələd olduğu üçün burada efektiv müşahidə apara bilirdilər. Həmçinin ərazidə düşmən qüvvəsi sayca çox artıq idi. Cəbhənin cənub istiqamətində döyüş gedən ərazilərə düşmənin demək olar ki, bütün ehtiyatları buradan gəlirdi. Ağır döyüşlər başlayanda isə bizə qarşı düşmənin 022 saylı xüsusi təyinatlılarının da döyüşdüyü məlum oldu...

Həmin uğurlu əməliyyata 44 günlük Vətən müharibəsinin dönüş və ya yüksəliş nöqtəsi də demək olar. Bu əməliyyatdan sonra erməni silahlıları sürətlə məğlubiyyətə doğru getdiklərini tam olaraq anladılar. Burada həm işğalçı tərəfin 18-ci diviziyasının qərərgahının tutulması, həm də bütün rabitə yollarının tam bağlanması Azərbaycana qarşı döyüşən bütün silahlılar arasında böyük təşviş yaratmışdı. Bununla yanaşı, Ermənistan ordusu üçün müdafiə xətti daha da böyüdü və Azərbaycan ordusunun manevr imkanları artdı”.

Hərbi ekspert Azər Bayramov Hadrutun azad edilməsini müharibənin dönüş nöqtəsi hesab etdiyini deyib: “Hadrut əməliyyatı ikinci Qarabağ müharibəsində dönüş yaradan əməliyyatlardan biridir. Azərbaycan Ordusunun tətbiq elədiyi unikal manevr və taktikalar öz sözünü dedi. Burada düşmənin əsasən müqavimət nöqtələrinin sıradan çıxarılması, kiçik qruplar şəklində düşmənin dərinliklərinə sızıb orada tapşırıqlar yerinə yetirməsi düşmənin döyüşən qüvvələrinin içərisində panika və xaos yaratdı. Bununla yanaşı, daxildə müqavimət göstərmək istəyən silahlı qüvvələr var idi ki, onlara qarşı da adevkat addımlar atıldı”.

Hər tərəfdən dağların əhatəsində yerləşən Hadrut ermənilər tərəfindən əsas yollar və yol güzərgahları ciddi şəkildə müdafiə olunub. Qəsəbə ərazi baxımından kiçik olsa da, burada erməni ordusunun böyük qüvvələri cəmləşib. Hadrut həm də onların koordinasiya nöqtəsi - necə deyərlər, quldur yuvası olub. Cəbrayılın işğaldan azad edilməsindən sonra həmin ərazidə yerləşən işğalçı ordunun bir alayı Hadrut istiqamətinə çəkilib. Ermənistan ordusunun 18-ci moto atıcı diviziyasının qərargahı da məhz elə bu qəsəbədə olub. Buna görə də düşmən üçün Hadrutun strateji əhəmiyyəti çox böyük olub. Buradakı dağ yüksəkliyinin bir tərəfindən Cəbrayıl istiqamətinə, digər tərəfindən isə Füzuli istiqamətinə nəzarət etmək mümkün olub.
Çətin və qeyri-bərabər döyüşə girən Azərbaycan hərbçiləri düşməndən sayca dəfələrlə az olmasına baxmayaraq, qəsəbəni azad edib. Sağ qalmaq üçün müxtəlif dağ yolları və cığırlarla geri çəkilən erməni ordusu Hadruta yenidən hücum cəhdləri etməyə cəhd edib.

Ordumuzun qətiyyəti və sayıqlığı düşmənin planlarını pozub, gələn canlı qüvvə peşəkarlıqla təşkil edilmiş pusqulara salınıb.

Hadrut istiqamətində aparılmış əməliyyatın iştirakçılarından olan Komando döyüşçüsü qeyd edib ki, pusqu əməliyyatında düşmənə sarsıldıcı müdaxilə edilib: “Onlar yenidən Hadrutu ələ keçirmə cəhdləri edirdilər. Biz yüksək komandanlığın müvafiq əmrinə əsasən, önləyici tədbirlər görməyə başladıq. Təkcə bir istiqamətdə təşkil etdiyimiz pusqu ilə düşmənin 85 nəfərə qədər canlı qüvvəsi, o cümlədən hərbi texnikalarını məhv etdik. Həmin əməliyyatlar zamanı biz ölməyə razı və hazır idik. Geri çəkilməyə isə qətiyyən... Allah bütün şəhidlərə rəhmət eləsin, qazi qardaşlarımıza isə şəfa və ömür versin”.

Hadrutda möhkəmlənmək asan başa gəlməyib, şəhidlər verilsə də, üstünlük və yüksəkliklər əldən verilməyib. Bu isə Şuşanın azad olunması əməliyyatına unikal imkan yaradıb.

Hadrut azad olunduqdan sonra Azərbaycan Ordusu Böyük Kirs dağı, Qırmızı bazar, Şuşa və Xocavənd istiqamətində irəliləməyə başlayıb. Orda üstünlük əldə edərək Füzulinin Qarğabazarı kəndi istiqamətində hələ də ordumuzla döyüşən erməni silahlılarına gedən təchizat yolunu bağlayıb.

Hadrut əməliyyatı müharibənin ilk ongünlüyündə Ordumuzun əldə etdiyi böyük uğurlardan biri, Ermənistan ordusunun isə müdafiə səddi yarıldıqdan sonra növbəti böyük uğursuzluğu idi.

Bir zamanlar Qarabağ münaqişəsinin başlanması planını hazırlayan işğalçı erməni dəstələrinin cəmləşdiyi Hadrut qəsəbəsi 4 ildir azaddır və öz sahibləri tərəfindən bərpa edilir, abadlaşır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR