Polkovnik: Azərbaycan Ordusu dünya orduları üçün nümunə sayılacaq səviyyəyə yüksəlib

Polkovnik: Azərbaycan Ordusu dünya orduları üçün nümunə sayılacaq səviyyəyə yüksəlib
# 20 fevral 2024 18:35 (UTC +04:00)

Azərbaycan Ordusu hərb işini dərindən bilən nəhəng peşəkarlar məktəbinə çevrilib, digər dünya orduları üçün nümunə sayılacaq səviyyəyə yüksəlib.

Bunu APA-ya açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Ələsgər Ağayev bildirib.

Ələsgər Ağayev deyib ki, Prezident İlham Əliyevin ordu quruculuğu prosesi çərçivəsində həyata keçirdiyi mühüm tədbirlərdən biri də hərbçilərin sosial rifahının yüksəldilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əməkhaqlarının mütəmadi şəkildə artırılması ilə bağlı olub. Şəhid ailələrinə, o cümlədən sağlamlığını itirən hərbçilərə dövlət qayğısının artırılması, onların mənzil probleminin köklü şəkildə həll edilməsi istiqamətində də ciddi addımlar atılıb: “Məhz bu ruh yüksəkliyinin və peşəkarlığın nəticəsidir ki, Azərbaycan Ordusu otuz ilə yaxın müddətdə möhkəmləndirilmiş istehkamlarda güclü mövqelər quran düşmənə qarşı çətin relyef şəraitində ən müasir standartlar səviyyəsində döyüş apararaq, 44 gün ərzində şanlı Qələbə qazandı.

Vətən müharibəsində həlak olan bütün şəhidlərin ailələrinin evlə təmin edilməsi ilə bağlı dövlətimizin başçısının məlum göstərişi də, “YAŞAT” Fondunun yaradılması da Müzəffər Ali Baş Komandanın öz zabitinə, öz əsgərinə, onların ailə üzvlərinə olan doğma münasibətinin göstəricisidir”.

Hərbi ekspert qeyd edib ki, rəşadətli Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib: “Bu, dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi. Ermənistan ordusu demək olar ki, məhv edildi, düşmənin 3,8 milyard dollarlıq silah-sursatı sıradan çıxarıldı

Döyüşlərdə iştirak etmiş on minlərlə hərbçi Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla orden, medal və fəxri adlarla təltif olunub. Habelə 83 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” adına, 33 nəfər isə “Zəfər” ordeninə layiq görülüb.

Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun Şuşa uğurundakı döyüşlərdə sıldırım qayaları dırmaşaraq düşməni əli yalın, bıçaq və yüngül atıcı silahlarla məğlub etməsi dünyanın ən məşhur hərbi institutları, ABŞ, Rusiya, Çin və sair dövlətləri tərəfindən araşdırılmaqda, ətraflı şəkildə öyrənilməkdədir. Bütün bunlar şanlı Azərbaycan Ordusunun, bu ordunun Ali Baş Komandanı olan İlham Əliyevin gücündən, özünəməxsus bacarıq və səriştəsindən xəbər verir. İlham Əliyevin hərbi quruculuq siyasətində diqqət çəkən məqamlardan biri də Azərbaycan ordusunu dünya hərb sənayesinin ən müasir nailiyyətləri ilə silahlandırması, müasir hərbi texnikanın idxalına xüsusi diqqət yetirməsi ilə bağlıdır. Təkcə bir faktı qeyd edim ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın Türkiyə və İsraildən aldığı kəşfiyayt və zərbə dronları düşmən hədəflərinin müəyyən edilməsi və məhv edilməsində mühüm rol oynayıb, nəticədə işğalçı orduya məxsus, dəyəri milyonlarla dollarla hesablanan hərbi texnika, hava hücumundan müdafiə sistemləri, artilleriya qurğuları məhv edilib. Hazırda Ordumuzun qarşısında duran əsas vəzifələrdən biri şəxsi heyətin hərbi-peşəkar hazırlığının və fiziki dözümlülüyünün, həmçinin heyət, bölmə, hissə, birləşmə, birlik və qərargahların hazırlığının təyinatlarına uyğun olaraq, döyüş və digər tapşırıqların yerinə yetirilməsi üçün tələb olunan səviyyəyə çatdırılması, saxlanılması və onun daim təkmilləşdirilməsidir. Döyüş hazırlığının istiqaməti Azərbaycan Respublikasının Hərbi Doktrinasının əsas prinsiplərinə və ordu quruculuğuna əsaslanaraq, hərb sənətinin inkişaf tendensiyası nəzərə alınmaqla təyin olunur. Ölkə başçısı öz çıxışlarında qabaqcıl dövlətlərdən müasir hərbi texnikaların alınması siaysətinin bundan sonra da diqqət mərkəzində saxlanılacağını bəyan edib ki, bu da Azərbaycan ordusunun post-müharibə dönəmindən sonra da hərbi-texniki təchizat baxımından öz liderliyini qoruyub saxlayacağı deməkdir”.

Ələsgər Ağayev bildirib ki, dövlət büdcəmizdə ən böyük xərclərin hərbi xərclər, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı xərclərin olduğunu xatırladan Prezident ölkəmizin çox güclü hərbi sənaye kompleksi yaratdığını, artıq bunun birinci mərhələsinin başa çatdığını, ikinci mərhələnin isə daha genişmiqyaslı olacağını diqqətə çatdırıb: “Ordu quruculuğunun vacib elementlərindən biri onun müasir silah-sursat və hərbi texnika ilə yüksək səviyyədə təchiz edilməsidir. Milli iqtisadiyyatın mühüm seqmentlərindən biri olan müdafiə sənayesinin dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsindəki rolunu nəzərə alan Prezident İlham Əliyev bu sahənin inkişafını daim diqqətdə saxlayır, gücləndirilməsi və modernləşdirilməsi üçün zəruri tədbirlər həyata keçirir. Məhz dövlətimizin başçısının təşəbbüsü ilə 2005-ci ildə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi yaradılıb, bir sıra zavodlar, istehsal sahələri, elmi tədqiqat mərkəzləri və Aerokosmik Agentlik onun tərkibinə verilib. Bu addım ölkəmizin hərbi sənaye kompleksinin əsaslı şəkildə yenidən qurulmasına və onun müdafiə qüdrətinin möhkəmləndirilməsinə böyük töhfə verib”.

Hərbi ekspert nəzərə çatdırıb ki, hazırda dünya silah bazarında müəyyən boşluqlar yaranıb: “Məlumdur ki, Azərbaycan onlarla ölkəyə hərbi təyinatlı məhsul satır. Dünyanın çox az ölkələrində pilotsuz uçuş aparatları istehsal sahəsi yaradılır. “AZAD sistemy" şirkəti bu məsələni həll etdi, yəni Müdafiə Sənayesi Nazirliyinin bazasında yaradılan bu müəssisə həmin istiqamətdə Azərbaycan Ordusunun ehtiyaclarını ödəyə bildi. Bu gün Silahlı Qüvvələrimizin istifadəsində “Orbiter” pilotsuz uçuş aparatları, həm müşahidə kəşfiyyat, həm zərbə təyinatlı məhsullar yer alır və geniş istifadə olunur. Hazırda Azərbaycan müdafiə sənayesi sektorunun qarşısında böyük vəzifələr dayanır. Rusiya faktiki olaraq dünya silah bazarından çıxıb. İndi Rusiyanın hərbi sənayesi öz daxili tələbatı üçün işləyir. Amerika, Avropa ölkələri də həmçinin faktiki olaraq istehsal etdiyi hərbi təyinatlı məhsulları Ukraynaya yönəldib. Bunların fonunda Azərbaycan bu sahədə, yəni lazım olan məhsulların istehsalı və ixracı sahəsində müəyyən uğurlar qazana bilər. Çünki bu gün dünyada bir çox dövlətlər, o cümlədən Asiya, Afrika, Cənubi Amerika, hətta Şərqi Avropa ölkələri belə Azərbaycanın istehsalı olan hərbi məhsullara ehtiyac duyurlar və bu günümüzün reallığıdır. İxracın artırılması və gücləndirilməsi üçün müəyyən dövlət proqramları mövcuddur və bu istiqamətdə işlər davamlı olaraq aparılır. Hesab edirəm ki, biz yüz milyonlarla dollar səviyyəsində hərbi təyinatlı məhsulların ixracatçısı ola bilərik. Azərbaycan bunu hədəfləyib. Artıq Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır. Bu, həm də ixrac yönümlü sənaye olacaq. Biz, ilk növbədə, hərbi məhsullara olan tələbatımızı maksimum təmin etməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR