Millət vəkili: “Beynəlxalq aləmdə Azərbaycan Prezidenti güclü diplomat, böyük dövlət xadimi kimi qəbul edilir”

Millət vəkili: “Beynəlxalq aləmdə Azərbaycan Prezidenti güclü diplomat, böyük dövlət xadimi kimi qəbul edilir”
# 20 may 2020 11:17 (UTC +04:00)

“Azərbaycan məsuliyyətli, ləyaqətli ölkədir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkəmizin dünyada nüfuzu daha da artıb və bu, pandemiyaya qarşı mübarizə fonunda bir daha öz təsdiqini tapdı”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı bildirib.

Millət vəkili deyib ki, ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 3 saylı DOST mərkəzinin açılışında iştirak edib. Onun sözlərinə görə, sosial sahədə görülən işlərin, aparılan islahatların əyani təzahürü olan növbəti DOST mərkəzinin açılışında da dövlət başçısı koronavirus pandemiyasının davam etdiyi hazırkı dövrdə də əsas məqsədin xalqımızı, vətəndaşlarımızı bu xəstəlikdən qorumaq olduğunu vurğulayıb: “Qabaqlayıcı tədbirlərin görülməsi xalqımızı böyük bəladan xilas etdi. Bu dövrdə həm insanların sağlamlığının qorunması, həm də həssas təbəqələrin sosial təminatı məsələləri təmin edilib. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq qısa müddət ərzində ehtiyaclara uyğun olaraq səhiyyə sistemi yenidən quruldu, karantin rejimində saxlanılanların təminatı təşkil olundu, təşkilati-logistik məsələlər həllini tapdı. Məhz görülən sistemli işlərin nəticəsində bu gün yumşalma tədbirləri ilə əlaqədar yoluxanların sayında müəyyən artım olsa da, vəziyyət tam nəzarətdədir. Hazırda 20-dən çox xəstəxana sırf koronavirusla bağlı fəaliyyət göstərir, orada ancaq koronavirus xəstələri müalicə olunur. Modul tipli 10 xəstəxananın inşası başlanıb, modul tipli birinci xəstəxana istifadəyə verilib. O cümlədən ötən dövr ərzində Azərbaycanda tibbi maska, kombinezon, dezinfeksiya vasitələrinin istehsalına başlanılıb”.

M. İbrahimqızı qeyd edib ki, indiki yumşalma prosesində vətəndaşlar məsuliyyətli olmalıdırlar: “Vətəndaşlar bu məsuliyyəti dərk etməlidirlər. Dövlət başçımızın da qeyd etdiyi kimi, pandemiya başa çatmayıb, virus qeyb olmayıb. Hər kəs özünü, öz yaxınlarını qorumalıdır, öz məsuliyyətini hiss etməlidir və nizam-intizama da əməl etməlidir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkilatçılığı ilə görülən işlər nəticəsində əldə edilən uğurların qorunması üçün növbəti mərhələdə vətəndaşların məsuliyyətli davranışı əsas olacaq. Vətəndaşlarımız maska və sosial məsafə ilə bağlı tələblərə ciddi riayət etməlidirlər”.

Millət vəkili onu da vurğulayıb ki, koronavirus pandemiyası ilə mübarizə istiqamətində görülən işlər həm Azərbaycan xalqı, həm də beynəlxalq təşkilatlar tərəfindən təqdir olunur: “Azərbaycan özünə mənəvi borc sayaraq bu günə qədər 13 ölkəyə və 3 beynəlxalq təşkilata yardım göstərib. Qloballaşan və daha dərin böhrana doğru gedən dünyada Azərbaycanın müsbət rolu daha çox görünür və təqdir edilir. Prezidentimizin də qeyd etdiyi kimi, əhalisinin sayı Azərbaycanla eyni olan inkişaf etmiş ölkələrdə vəziyyətə nəzər salsaq, mənzərə tam aydın olur. Elə buna görə də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda bu sahədə görülən işləri yüksək qiymətləndirir və Azərbaycanı nümunəvi ölkə adlandırır.

Azərbaycan sədrlik etdiyi Türk Şurası və Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə toplantılarını ən yüksək səviyyədə təşkil etdi. Müdrik Prezidentimiz bu qlobal təhlükə ilə mübarizədə birgə səylərin və mübarizənin səmərəliliyinin zəruriliyini qeyd edərək, bu iki nüfuzlu beynəlxalq təşkilatın videokonfransının keçirilməsinin təşəbbüskarı və təşkilatçısı oldu. Zirvə görüşlərində Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adanom Qebreyesus şəxsən iştirak edib. Bu, həm də Azərbaycanın və onun dövlət başçısının beynəlxalq əməkdaşlıq platformasında yüksək nüfuzundan irəli gəlir. Azərbaycan hər bir işə çox məsuliyyətlə yanaşır və ölkəmizin sədrliyi formal xarakter daşımır. Zirvə görüşlərinin yekun bəyannamələrinə də Azərbaycanın xüsusi rolu qeyd olundu. Yeri gəlmişkən, Azərbaycanın COVİD-19 pandemiyasına qarşı mübarizədə rolunun yüksək qiymətləndirilməsinin CISCO şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu şirkətin rəhbərləri arasında videokonfrans zamanı da müşahidə etdik. Şirkətin baş maliyyə direktoru Kelli Kramer COVID-19 virusu ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında və Qoşulmama Hərəkatının görüşünün təşkil edilməsində Prezident İlham Əliyevin liderlik səylərin nümayiş etdirdiyini və buna görə dövlət başçımıza minnətdar olduqlarını vurğuladı. Prezident İlham Əliyev qətiyyətli iradəsi, yüksək təfəkkürü və uzaqgörən siyasəti ilə dünya liderləri sırasında fərqlənməkdədir. Dövlət başçısı yüksək səviyyədə idarəçilik qabiliyyətinə və təcrübəsinə malikdir. Beynəlxalq aləmdə Azərbaycan Prezidenti güclü diplomat, böyük dövlət xadimi kimi tanınır və qəbul edilir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR