"Bir Günəş Altında" tamaşasının premyerası keçirilib

"Bir Günəş Altında" tamaşasının premyerası keçirilib
# 09 mart 2018 16:56 (UTC +04:00)

"British Council" "Unlimited" proqramı çərçivəsində Azərbaycanda məhdud imkanlı insanlar tərəfindən yaradılan incəsənəti dəstəkləməyə davam edir.

APA-nın xəbərinə görə, növbəti layihə olaraq bu gün Gənc Tamaşaçılar teatrında "British Council" tərəfindən, DOM teatrının təsisçisi və direktoru Tərlan Rəsulov və britaniyalı forum-teatr mütəxəssisi, aktrisa və mühazirəçi Kərin Çapmanın rəhbərliyi altında səhnələşdirilmiş "Bir Günəş Altında" tamaşasının premyerası keçirilib.

"Bir Günəş Altında" pyesini müəllifi azərbaycanlı yazıçı Lalə Əliyeva-Kliçkovadır. Pyes tamaşada baş rolu ifa edən motivator və bloqqer Murad Məmmədovun həyat hekayəsinə əsaslanır. Premyerada çıxış edən "British Council" ın direktoru Elizabet Uayt deyib ki, bu, qeyri-adi insanların iştirakı ilə reallaşdırılmış çox qeyri-adi və yaddaqalan bir tamaşa olacaq: "İnsanların həyatında yaxşı istiqamətdə dəyişiliklər etmək üçün gözəl ideyalarınız varsa, ya da məhdud imkanlı insanların yaratdığı incəsənətlə maraqlanırsınızsa, unudulmaz bir sənət əsərinə tamaşa etmək istəyirsinizsə, bu tamaşanı qaçırmayın".

Qeyd edək ki, "Unlimited" proqramının tərkib hissəsi kimi həyata keçirilən bu layihə incəsənət fəaliyyəti ilə məşğul olan məhdud imkanlı insanların məkanlara, prodüserlərə və qərar qəbul edən məmurlara çıxışının təmin edilməsi və bu insanların inklüziv əsər yaratmaq və təqdim etmək bacarıqlarının inkişaf etdirilməsi yolu ilə onları dəstəkləyir.

Tamaşa ikinci dəfə 13 mart tarixində, saat 19:00-da Nizami Kino Mərkəzində səhnələşdiriləcək. "Bir Günəş Altında" tamaşası Bakının müxtəlif universitetlərində Azərbaycan dilində səhnələşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR