Üzeyir Hacıbəylinin xatirəsi Milli Konservatoriyada yad edilib.
APA xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən ilk tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, incəsənət xadimləri, musiqiçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi tədbiri açıq elan edərək hər kəsi Milli Musiqi Günü münasibətilə təbrik edib: “Bu gün əsl bayramdır. Bu münasibətlə bütün musiqisevərləri ürəkdən təbrik edirəm. Dahi Üzeyir Hacıbəylinin doğum günlərinin ənənəvi olaraq bayram ab-havası ilə qeyd olunması böyük hadisədir. O, bu təntənəyə layiq ömür sürüb və bizlərə dəyərli irs miras qoyub. Bu gün, eyni zamanda, Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalına start verilir. Bu on gün ərzində çox maraqlı musiqili proqramlar nəzərdə tutulub”.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli bildirib ki, Üzeyir bəy böyük bəstəkar olmaqla yanaşı, həm də böyük pedaqoq və fikir adamı idi: “O özündən sonrakı bəstəkarların yetişməsində böyük rol oynayıb. Hətta Üzeyir bəyin tələbələrinin əsərləri bu gün dünyanı gəzir. Buna görə də Üzeyir bəy dahi bəstəkar və dahi insan idi. Bayramınız mübarək!”
Azərbaycan Milli Konservatoriyasının professoru, konservatoriyanın Muğam kafedrasının müdiri, Xalq artisti Mənsum İbrahimov bildirib ki, hər il musiqiçilər Milli Musiqi Gününü həyəcanla gözləyirlər: “Musiqiçilər dahi Üzeyir bəyin mənəvi övladlarıdır. Hər dəfə onun xatirəsini ehtiramla yad edirik. Mənim həyatım Üzeyir bəyin yaradıcılığı ilə bağlıdır. Bilirsiniz ki, 30 ildir “Leyli və Məcnun” operasında Məcnun rolunu canlandırıram. Geniş dinləyici kütləsinə bu opera vasitəsilə xitab etmişəm”.
M.İbrahimov Qarabağ Universitetində fəaliyyət göstərən muğam kafedrası barədə də fikirlərini bölüşüb: “Üzeyir bəy kimi nəhəng musiqi xadimlərinin doğulub boya-başa çatdığı məkanda elə bir universitetin, incəsənət fakültəsinin, muğam kafedrasının fəaliyyət göstərməsi çox əlamətdar hadisədir. Ümidvaram, Qarabağ Universitetində ilk ustad dərsləri bizim — Konservatoriyanın muğam müəllimlərinin iştirakı ilə baş tutacaq”.
Əməkdar müəllim, xanəndə Qəzənfər Abbasov bildirib ki, Üzeyir Hacıbəyli irsinin tədqiqi və təbliği, gələcək nəslə aşılanması qarşıya qoyulan ən vacib məsələlərdən biridir: “Üzeyir bəy misilsiz bir dəryadır. Onun elmi və dünyagörüşü tamam başqa bir fəlsəfədir. Gələcək nəsil daim onun yaradıcılığından bəhrələnməlidir. Bunun üçün pedaqoqların üzərinə böyük məsuliyyət düşür”.
Tədbirdə Milli Konservatoriyanın tələbələrindən təşkil olunmuş orkestrin müşayiəti ilə musiqilər səsləndirilib. Beynəlxalq müsabiqələr laureatları, xanəndələr — Güllü Muradova, Xəyal Hüseynov və Gülzar Fərəcovanın ifasında “Qarabağ şikəstəsi” ifa olunub.
Qeyd edək ki, 18-28 sentyabr tarixlərini əhatə edəcək festivalda Azərbaycanla yanaşı, ABŞ, Rusiya, Almaniya, İspaniya, Avstriya, Koreya, Türkiyə, Braziliya, Hindistan və digər ölkələrdən tanınmış ifaçı və kollektivlər iştirak edəcəklər.
Festival çərçivəsində Bakı, Şuşa, Gəncə və bir sıra şəhərlərdə konsertlər, tamaşalar, sərgilər, elmi konfrans və ustad dərsləri təqdim ediləcək.
Festival günlərində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təqdimatında “Mədəniyyətimiz naxışların izi ilə” adlı sərgi keçiriləcək.