İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə 95 kq narkotik vasitə keçirən dəstə zərərsizləşdirilib

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə 95 kq narkotik vasitə keçirən dəstə zərərsizləşdirilib
# 05 avqust 2008 12:12 (UTC +04:00)
MTN ictimai əlaqələr mərkəzindən APA-ya verilən məlumata görə, Sumqayıt şəhər sakinləri - Nəbi Quliyev, Şadət Nəsibov, İran vətəndaşı Fərhad Karigər, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı Mahmud adlı şəxs və digərlərindən ibarət mütəşəkkil dəstə tərəfindən külli miqdarda narkotik vasitə – 8,426 kq-dan artıq heroin və 86 kq-a yaxın həşiş Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək satış məqsədilə İrandan Azərbaycana gətirilib. Məlum olub ki, mütəşəkkil dəstə üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa və vəzifə bölgüsünə əsasən, Mahmud İranın Biləsuvar rayonunun Qaraqasımlı kəndində F. Karigərə verdiyi həmin narkotik vasitələri 10 min ABŞ dolları müqabilində qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirib Cəlilabad rayonu ərazisində onun deyəcəyi şəxslərə təhvil verməyi tapşırıb. F. Karigər isə öz növbəsində Mahmudun tapşırığını N. Quliyevə və Ş. Nəsibova çatdırıb, qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirəcəyi narkotik vasitələrin 3 min ABŞ dolları müqabilində Mahmudun bildirəcəyi şəxsə çatdırılması barədə razılığa gəliblər. 2008-ci il iyulun 31-də F. Karigər hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları - Əkbər, Mehdi, İsmayıl və Nadir adlı həmkəndliləri ilə birlikdə 95 kiloqrama yaxın narkotiki Azərbaycan Dövlət Sərhəd Xidmətinin «N» saylı sərhəd dəstəsinin ərazisindən mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənarda keçərək Azərbaycana gətirib. F. Karigər narkotik vasitələri ondan təhvil alacaq N. Quliyevi və Ş. Nəsibovu Cəlilabad rayonunun Qarakazımlı kəndi yaxınlığında gözləyib, onu müşayiət edən həmkəndliləri isə eyni üsulla sərhədi keçərək İrana qayıdıblar. N. Quliyev və Ş. Nəsibov “VAZ-2107” markalı avtomobillə Cəlilabad rayonunun Qarakazımlı kəndinə gəliblər. Onlar F. Karigərdən 95 kq-a yaxın narkotik vasitəni təhvil alaraq gəldikləri avtomobilə Cəlilabad rayonunun Qarazəncir kəndinin yaxınlığına gedərək narkotikləri çöllükdə gizlədiblər. MTN-in hazırladığı və həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Fərhad Karigər, Nəbi Quliyev və Şadət Nəsibov saxlanılıb, qeyd olunan əraziyə baxış zamanı narkotik vasitə aşkarlanaraq götürülüb. Faktla bağlı MTN İstintaq Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci (dövlət sərhədini qanunsuz keçmə), 206.4-cü (mütəşəkkil dəstə tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanılıb. Adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR