Azərbaycan paytaxtında firmaya basqın edərək 240 min dollar oğurlayan dəstənin daha bir üzvü tutulub

Azərbaycan paytaxtında firmaya basqın edərək 240 min dollar oğurlayan dəstənin daha bir üzvü tutulub
# 26 avqust 2008 08:26 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Bu il martın 4-dən 5-ə keçən gecə Bakıdakı Tiflis prospektində yerləşən sürtgü yağları satış firmasına basqın edərək, firmanın mühafizəçisi Tofiq İsmayılova xəsarət yetirib, külli miqdarda pul oğurlamaqda təqsirləndirilən və barəsində axtarış edilən Əliullayev Natiq Namiq oğlu saxlanılıb. Bu barədə APA-ya Nəsimi rayon prokurorluğundan bildirilib. Hadisə ilə bağlı aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində N. Əliullayev dünən saxlanılıb və onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, faktla bağlı aparılan əməliyyat-axtarış tədbirləri nəticəsindəbu cinayəti Bakı şəhər sakini Mustafayev Elvin Abdul oğlu, Ağayev Faiq Xanlar oğlu və firmanın sürücüsü Əliullayev Natiq Namiq oğlunun əvvəlcədən əlbir olaraq sürtgü yağları satış firmasından pul ələ keçirmək məqsədi ilə törətdikləri məlum olub. Onlar firmadan içərisində 150 min ABŞ dolları və 75 min manat olan dəmir seyfi ələ keçirərək aparıblar.

F. Ağayev avqustun 17-də, E. Mustafayev isə avqustun 20-də saxlanılıb. Saxlanılan şəxslərin barəsində Cinayət Məcəlləsinin 181.3.2-ci (quldurluq külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 185.2.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə)) maddəsi ilə cinayət işi başlanılıb, barələrində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR