Penitensiar sistemə nəzarət İctimai Komitənin hesabat iclası keçirilib

Penitensiar sistemə nəzarət İctimai Komitənin hesabat iclası keçirilib
# 11 sentyabr 2008 15:23 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Ədliyyə Nazirliyi yanında Penitensiar sistemə nəzarət İctimai Komitənin hesabat iclası keçirilib. APA-nın məlumatına görə, toplantıda çıxış edən Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov bildirib ki, İctimai Komitə fəaliyyət göstərdiyi 2 il ərzində cəzaçəkmə müəssisələrində monitorinqlər keçirib. Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin təşəbbüsü ilə yaradılan komitənin köməkliyi ilə penitensiar müəssisələrdəki vəziyyətə dair hesabatlar hazırlanıb. Komitənin koordinatoru Sahib Məmmədov qeyd edib ki, qurum öz fəaliyyəti ilə pentensiar xidmətdə aparılan islahatlara yardımçı olmaq istəyir: “Bu qurum hökumətlə vətəndaş cəmiyyəti arasında münasibətlərin nümunəsidir. Dünyanın bir çox ölkələrində belə komitələr yoxdur. Qurumun fəaliyyəti müsbət nəticə verdiyindən komitənin institutlaşdırılması üçün müəyyən işlər görülür. Biz jurnalistlərin də cəzaçəkmə müəssisələrinə getməsi üçün Ədliyyə Nazirliyi qarşısında təkliflə çıxış edəcəyik”.
İctimai Komitənin üzvü Elçin Behbudov isə bildirib ki, məhbusların cəzaçəkmə müəssisələrində yaşam tərzinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün zəruri addımların atılmasına hələ də ehtiyac var. Qurumun üzvü Səidə Qocamanlı cəzaçəkmə müəssisələrinin kompyuterləşdirilməsinin vacibliyini söyləyib və qeyd edib ki, artıq belə bir addım 6 saylı Cəzaçəkmə Müəssisəsində atılıb. Yığıncaq komitə üzvlərinin və hüquq müdafiəçilərinin fikir mübadiləsi ilə davam etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR