Etimad İsmayılov məhkəməni və prokuroru savadsızlıqda günahlandırıb

Etimad İsmayılov məhkəməni və prokuroru savadsızlıqda günahlandırıb
# 25 sentyabr 2008 14:48 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovun Rusiyada həbs olunan oğlu Etimad İsmayılovun işi üzrə dünən keçirilən məhkəmə iclasında hakimlə təqsirləndirilən şəxslər arasında mübahisə yaranıb. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Çelyabinsk şəhər Mərkəzi rayon Məhkəməsində keçirilən iclasda təqsirləndirilən E. İsmayılov, Abbas Cəfərov və Vladimr Quzov məhkəmə tərkibindən, dövlət ittihamçısından və işə Çelyabinsk məhkəməsində baxılmasına etiraz ediblər. Təqsirləndirilən şəxslər bildiriblər ki, məhkəmə və prokuror korrupsiyaya qurşanan Çelyabinsk rəhbərliyinin əmrlərini yerinə yetirirlər. E. İsmayılov məhkəməni və prokuroru savadsızlıqda da günahlandırıb.
E. İsmayılovun vəkili Cərulla Ramazanov isə APA-ya bildirib ki, E. İsmayılovun işinə Moskvada baxılması istiqamətində işlər davam etdirilir. C. Ramazanov prosesin oktyabrın 6-da davam etdiriləcəyini söyləyib.
Qeyd edək ki, E. İsmayılov “Avroasiya” Sənaye-Maliyyə Qrupu Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. Çelyabinsk Vilayətinin qubernatorunun birinci müavini Andrey Kosilovun himayəsində olan şirkətlərdən birinin “Avroasiya”ya 1 milyon ABŞ dolları məbləğində borcu var. Arbitraj Məhkəməsi də həmin şirkətin Etimad İsmayılovun rəhbəri olduğu şirkətə borcunun olduğunu təsdiqləyən sənəd verib.
Xatırladaq ki, E. İsmayılov 2008-ci il martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Domodedovo hava limanında saxlanılıb. Martın 27-də keçirilən məhkəmə iclasında E. İsmayılova qarşı Rusiya Cinayət Məcəlləsinin 159.4 (dələduzluq) və 174/1 4-cü hissəsi (çirkli pulları yuyulması) maddələri ilə ittiham irəli sürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR