ANAMA-nın direktoru: “Qarabağ münaqişəsi başlanandan indiyə qədər 2 mindən artıq azərbaycanlı minadan zərər çəkib”

ANAMA-nın direktoru: “Qarabağ münaqişəsi başlanandan indiyə qədər 2 mindən artıq azərbaycanlı minadan zərər çəkib”
# 07 noyabr 2008 11:18 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Sovet ordusu Azərbaycanı tərk edərkən bəzi silah anbarlarını partladıb və nəticədə mina və sursatlar ətrafa yayılıb. Bakının Güzdək kəndi və “Şimal DRES” adlanan ərazidə baş verən partlayışdan sonra həmin zonada təmizləmə işləri zəruri hal alıb. Adıçəkilən ərazidə təmizləmə aparmaq üçün hazırlıq işlərinə isə 2 aydan sonra başlanacaq”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) direktoru Nazim İsmayılov deyib. O bildirib ki, minaların təmizlənmə işinə 2009-cu ilin yanvarın 1-dən başlanacaq. N. İsmayılovun sözlərinə görə, qurum yaradılandan - 2001-ci ildən indiyə qədər işğaldan azad olunan 72 milyon kvadrat metr ərazidə təmizləmə işləri yekunlaşıb: “Bizdə olan və təhlükəli hesab edilən şübhəli ərazilərin sayı 280 milyon kvadrat metrdir. Təxmini hesablamalara görə, həmin ərazidə zərərsizləşdirilməyən 300 mindən çox mina var. İnanırıq ki, 2011-ci ilə qədər bu ərazilərdə də təmizləmə prosesi yekunlaşacaq”.
ANAMA-nın direktoru deyib ki, son 7 il ərzində qurum tərəfindən 378 min sursat, qranat, raket, piyada və tank əleyhinə minalar tapılaraq zərərsizləşdirilib: “Bu müddət ərazində ANAMA-nın 500 nəfərlik milli kadr korpusu formalaşıb, müxtəlif formada təmizləmə avadanlıqları alınıb. Ümumilikdə isə Qarabağ münaqişəsi başlanandan indiyə qədər 2 mindən artıq azərbaycanlı minadan zərər çəkib. Onlardan 475 nəfər dünyasını dəyişib, digərləri əlildir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR