İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməyə cəhd edən mütəşəkkil dəstənin məhkəməsi başlayıb

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməyə cəhd edən mütəşəkkil dəstənin məhkəməsi başlayıb
# 08 aprel 2009 13:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməyə cəhd edən 8 nəfərdən ibarət mütəşəkkil dəstənin cinayət işi üzrə hazırlıq iclası keçirilib. APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda məhkəmə baxışı
aprelin 15-ə təyin olunub.
İttihama görə, İran vətəndaşı Mikayıl Aslani, Azərbaycan vətəndaşları Etibar Mehrəliyev, Etibar Əliyev, Zamin Səmədov, Natiq Balayev, Tərlan Muradov, Rza Əhmədov və Rövşən Məmmədov mütəşəkkil dəstə təşkil edərək, külli miqdarda narkotik vasitəni Xəzər dənizinin Azərbaycana aid akvatoriyası istiqamətində gömrük sərhədindən nəzarətdən kənar qaçaqmalçılıq yolu ilə keçirərək satış məqsədilə İrandan Azərbaycana gətiriblər.
Əvvəlcədən əldə olunan razılığa əsasən, Neftçala rayon sakini Etibar Mehrəliyev İran vətəndaşlarının qaçaqmalçılıq yolu ilə gətirdikləri 231 kiloqrama yaxın həşişi 2008-ci il dekabrın 23-də Qızılağac Dövlət Qoruğu ərazisində yerləşən Kurkamen adasında onlardan qəbul etmiş və həmin narkotiki öz qayığı ilə Neftçala rayonu ərazisində dəniz sahilində gizlədib. 2008-ci ilin dekabrın 24-də M. Aslani dövlət sərhədinin “Astara” Nəzarət Buraxılış Məntəqəsindən rəsmi qaydada keçərək, həmin narkotik vasitəni Etibar Mehrəliyevdən götürüb Astara rayon sakini Etibar Əliyevə təhvil vermək məqsədilə Azərbaycana gəlmişdir. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən 2008-ci il dekabrın 25-də həyata keçirilən əməliyyat nəticəsində 231 kiloqrama yaxın narkotik vasitə adıçəkilən şəxslərdən aşkar olunaraq götürülüb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Azərbaycan Cinayət Məcəlləsinin 206.4-cü (mütəşəkkil dəstə tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə ittiham olunurlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR