Şahid: “Kamran Əsədovla Pankisi dərəsindən keçib Çeçenistana cihad məqsədi ilə getmək istəyirdik”

Şahid: “Kamran Əsədovla Pankisi dərəsindən keçib Çeçenistana cihad məqsədi ilə getmək istəyirdik”
# 09 aprel 2009 11:02 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədovun və digər 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Anar Rzayev ifadə verib. O, təqsirləndirilən şəxslərdən Kamran Əsədovla “Əbu-Bəkr” məscidində tanış olduqlarını deyib. Şahid Bakıda Xocasən və Lökbatan dağlarında təqsirləndirilən şəxslərin də qatıldığı tədbirdə iki dəfə iştirak etdiyini açıqlayıb: “Kamran Əsədov Gürcüstanda olanda onunla Pankisi dərəsindən keçib Çeçenistana cihad məqsədi ilə getmək üçün müzakirəmiz olub. 2006-cı ildə mən Kamran Əsədova dedim ki, sən hazırda Gürcüstandasan, oradan Çeçenistana keçməyin mümkün olub-olmadığını müəyyənləşdir və mənə de. Bir müddət sonra Kamranla telefonla əlaqə saxladıq. O, mənə dedi ki, dağlar vasitəsi ilə Pankisini keçib Çeçenistana getmək çətinləşib. Təqsirləndirilən şəxslərin də iştirakı ilə Lökbatan və Xocasəndə dağlara getməkdə məqsədim də məhz Çeçenistandakı cihadda iştirak etmək üçün olub. Amma bu məsələdən yalnız Kamran Əsədovun xəbəri olub. Azərbaycandakı ABŞ, İsrail, Böyük Britaniya səfirliklərinin partladılması ilə bağlı məsələdə isə konkret mövqeyim yoxdur. Cihadın savaş formasını qəbul edirəm. Çünki “Qurani-Kərim”də buyurulub ki, kafirlərin boynunu vurun”.
A. Rzayev qeyd edib ki, onlara cihadla bağlı fətva verən adam yoxdur: “Müsəlman öz ağlı ilə deyil, Allah-Təalanın “Qurani-Kərim” vasitəsilə buyurduğu qaydalarla yaşamalıdır. Mən təklif edirəm ki, Azərbaycan dövləti şəriət qaydaları ilə, İslama uyğun şəkildə idarə olunsun”.
Daha sonra şahid təqsirləndirilənlərin suallarını cavablandırıb.
Proses günün ikinci yarısında davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehrəliyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yaşar Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Məhərrəmov, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR