Bu gündən Binə Ticarət Mərkəzinin köçürülməsinə başlanıb - FOTOSESSİYA

Bu gündən Binə Ticarət Mərkəzinin köçürülməsinə başlanıb - <font color=red>FOTOSESSİYA</font>
# 13 aprel 2009 15:28 (UTC +04:00)
Ticarət mərkəzinə aparan yollar isə Post Patrul Xidməti və Dövlət Yol Polisinin xüsusi nəzarətinə götürülüb. Bazara yalnız malların daşınması üçün iri tutumlu yük maşınları buraxılır ki, bu da nəqliyyatın hərəkətini iflic edib. Bunun nəticəsində sahibkarlar mallarını çıxartmaqda da çətinlik çəkirlər. Hazırda ticarət mərkəzinin satıcıları kütləvi şəkildə yüklərini daşımaqla məşğuldur. Köçürülmə, əsasən, ticarət mərkəzinin topdansatış hissəsində aparılır. Artıq burada xeyli ərazi boşaldılıb.

Bazarda ticarətlə məşğul olan sahibkarlar və satıcılar hələlik yalnız Binə Ticarət Mərkəzinin köçürüldüyünü bildiriblər. Aprelin 15-dək Binə Ticarət Mərkəzinin tam köçürüləcəyi barədə onlara xəbərdarlıq edildiyini vurğulayan sahibkarlar yaxınlıqda fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzinin isə köçürülməsinin hələlik nəzərdə tutulmadığını söyləyiblər. Satıcı Elxan Əliyevin APA-ya bildirdiyinə görə, Ticarət Mərkəzinin rəhbərliyi sahibkarlara mallarını daşımaq üçün 3 gün vaxt verib. Aprelin 15-dən sonra isə bazarın mühafizə olunmayacağı bildirilir. Qısa zaman ərzində mallarını daşımaqda çətinlik çəkdiklərini vurğulayan E. Əliyev mallarını aparmağa yerlərinin olmadığını söyləyib. Azər Mehdiyev adlı satıcı APA-ya bildirib ki, Lökbatan qəsəbəsində yeni salınmış bazarda onlara yer verilməyib: “İndi də deyirlər ki, bazarı boşaldın. Bəs yükümüzü hara aparaq? Bu qədər malı hara daşıyaq?” Satıcı Rövşən Əliyev də köçürülmənin pərakəndə aparıldığını, işə nəzarət edilmədiyini, burada çalışanların çıxılmaz vəziyyət düşdüklərini qeyd edib: “Qalmışıq iki daşın arasında, bizə konkret söz deyən yoxdur. Deyirlər, köçün, hara köçək, malları hara daşıyaq, belə də iş olar?”

Sahibkarların bir qismi isə artıq dükan və anbarlarını tam boşaldıb. Onlardan bəziləri hətta obyektlərini sökməyə də imkan tapıb. Qonşuluqdakı mağazanın satıcıları isə bunu həmin sahibkarların təzə salınan bazarda yerlərinin artıq hazır olması ilə izah ediblər.

Yaxınlıqda olan Sədərək Ticarət Mərkəzində isə sakitlik hökm sürür. Burada ticarətlə məşğul olan şəxslərin bildirdiyinə görə, bazarın köçürülməsi barədə hələlik onlara heç bir göstəriş verilməyib və bu prosesin yaxın zamanlarda həyata keçirilməsi gözlənilmir. Satıcılar alış-veriş etməyə çalışsalar da, Binə Ticarət Mərkəzinin köçürülməsi onların da işinə mənfi təsir göstərib.

APA-nın əməkdaşının Binə Ticarət Mərkəzinin köçürülməsi prosesini izlədiyi bir neçə saat ərzində ərazidə bazar rəhbərliyindən heç kim gözə dəyməyib. Satıcılar rəhbərliyin Lökbatanda yeni salınan bazarda olduğunu bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR