General Rail Rzayevin qətli ilə bağlı bir nəfərin həbs olunduğu təsdiqlənib

General Rail Rzayevin qətli ilə bağlı bir nəfərin həbs olunduğu təsdiqlənib
# 23 aprel 2009 09:13 (UTC +04:00)
Bu barədə APA-ya hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. Mənbənin sözlərinə görə, tutulan şəxs Anar Rəfiyev adlı Bakı sakinidir. A. Rəfiyevin bir neçə gün əvvəl keçirilən əməliyyat zamanı həbs olunduğu bildirilir. Saxlanılan şəxsdən hərbi geyim götürülüb.

Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə APA-ya açıqlamasında general Rail Rzayevin qətli ilə bağlı həbs edilənin olması barədə məlumatı nə təsdiq, nə də təkzib edib: “Baş Prokurorluğun mətbuat xidmətində bilavasitə general Rail Rzayevin qətli ilə bağlı hər hansı şəxsin həbs olunması barədə məlumat yoxdur. Qeyd edilən cinayət işinin istintaqını aparan hüquq-mühafizə orqanları tərəfindən istintaqın gedişatı ilə əlaqədar zərurət yaranan zaman ictimaiyyətə məlumat veriləcək. İstintaq sirri olduğu üçün məsələ ilə bağlı hələlik heç bir məlumat verilmir”.

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayev bu il fevralın 11-də qətlə yetirilib. Qətlin araşdırılması üçün Respublika Baş prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət birgə əməliyyat-istintaq qrupu yaradılıb.

Əlavə edək ki, general R. Rzayevin qətli ilə bağlı bir nəfərin tutulması barədə ilk olaraq “Yeni Müsavat” qəzeti məlumat yayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR