Ölən və yaralananların hadisə yerindən çıxarılması prosesi artıq yekunlaşıb

Ölən və yaralananların hadisə yerindən çıxarılması prosesi artıq yekunlaşıb
# 30 aprel 2009 11:36 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Hadisə yerindən ölən və yaralananların çıxarılması prosesi artıq yekunlaşıb. Bu barədə APA-ya Azərbaycan Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Sultan Əliyev deyib. Onun sözlərinə görə, hadisə nəticəsində 13 nəfər ölüb, 10 nəfər isə yaralanıb. Ölənlərin 3-ü qadındır. Yaralılar isə xəstəxanalarda stasionar müalicə alır. Ölən və yaralananlar arasında tələbə və müəllimlər var.

S. Əliyevin sözlərinə görə, ölənlərin arasında 20-22 yaşlı tələbələr çoxluq təşkil edir. Ölənlərdən biri isə xadimə qadındır. Nazirlik səlahiyyətlisi deyib ki, hazırda ölənlərin şəxsiyyətin müəyyənləşdirmə istiqamətində iş aparılır. Onlardan 9-nun şəxsiyyəti təxmini müəyyənləşdirilib, amma ad-familiyaları tam dəqiq olmadığı üçün bu barədə hələlik məlumat verilmir: “Ola bilsin ki, bu məlumatlar dəqiq olmasın. Çünki kiminsə cibində başqasının sənədi çıxa bilər. Bu məlumatlar 100 faiz dəqiq olmayana qədər açıqlaya bilmərik. Hazırda valideynlər “morq”dadırlar və ölənlərin tanıdılması prosesi gedir”.

S. Əliyev onu da əlavə edib ki, hazırda yaralılar üçün qan vermək istəyənlərin sayı kifayət qədərdir: “Biz qan vermək istəyənlərin hamısına təşəkkür edirik, amma hazırda qanvermə aksiyasının keçirməsinə ehtiyac yoxdur. Çünki qan ehtiyatımız kifayət qədərdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR