Bakıdakı xəstəxanada baş verən partlayışla bağlı təqsirləndirilən şəxsin həyat yoldaşı məhkəmədə ifadə verib

Bakıdakı xəstəxanada baş verən partlayışla bağlı təqsirləndirilən şəxsin həyat yoldaşı məhkəmədə ifadə verib
# 07 dekabr 2009 13:05 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsindəki 19 saylı xəstəxanada baş verən partlayışla bağlı təqsirləndirilən Sabir Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin həyat yoldaşı Mehriban Hüseynova şahid qismində ifadə verib. M. Hüseynova deyib ki, həyat yoldaşının irəli sürülən ittiham üzrə cinayət törətməsinə inanmır: “Mənim həkim Rəvayət Mütəllimovla heç bir ədavətim olmayıb. Ona görə də ərimin onu öldürməsi üçün həkimin otağına qumbara qoyması qondarma ittihamdır”. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları S. Hüseynova ittiham aktını zorla imzalamağa təhrik ediblər: “Noyabrın 27-də saat 15:00-dan növbəti gün səhər saat 06:00-a qədər məni polis idarəsində saxlayıblar. Bunu etməklə onlar Sabirə təzyiq göstərməyə çalışıblar və buna da nail olublar. Sabir polis idarəsinə öz avtomobili ilə də getməyib. Onun maşını həyətdə olub. Sonra polis tərəfindən aparılıb. Necə olubsa, maşından bomba çıxıb”.

Proses dekabrın 14-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il noyabrın 25-də saat 9.30 radələrində Bakının Lökbatan qəsəbəsindəki 19 saylı Klinik Xəstəxananın növbətçi cərrah otağında partlayış baş verib.
Hüquq-mühafizə orqanlarının hadisə ilə bağlı yaydığı məlumata görə, xəstəxanada gecə növbəsindən çıxan həkim-cərrah Rəvayət Mütəllimov otaqdakı şkafdan köynəyini götürərkən onun arasında parçaya bükülmüş ağır bir əşyanın olduğunu aşkar edib. Rəvayət Mütəllimov əşyaya baxmaq istəyərkən qumbara detonatorunun açılmasını bildirən səs eşidib və dərhal onu kənara atıb. Əşyanın partlaması nəticəsində Rəvayət Mütəllimov və orada olan tibb bacısı Reyhan Pirquliyeva ağır bədən xəsarətləri alıblar.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Sabir Hüseynov təqsirləndirilən şəxs qismində saxlanılıb. Məlumata görə, S. Hüseynov 1995-ci il mart dövlət çevrilişi cəhdinin fəal iştirakçılarından olmaqla 1996-cı ildə Cinayət Məcəlləsinin 70-ci (banditizm) və 220-ci (qanunsuz silah saxlama) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Sonradan adı müxtəlif hüquq-müdafiə təşkilatlarının siyahılarında siyasi məhbus kimi vurğulanan Sabir Hüseynov 1999-cu ildə əfv olunub.

Xatırladaq ki, faktla bağlı Cinayət Məcəlləsinin 29 (cinayət etməyə cəhd), 120.2.4 (ümumi təhlükəli üsulla adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR