Həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən Xaçmaz sakini məhkəmə zalından azadlığa buraxılıb

Həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən Xaçmaz sakini məhkəmə zalından azadlığa buraxılıb
# 09 dekabr 2009 09:07 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə həmkəndlisini qısqanclıq zəminində qətlə yetirməkdə təqsirləndirilən Xaçmaz rayonu Qusarçay kənd sakini məhkəmə zalından azadlığa buraxılıb. APA-nın xəbərinə görə, hakim Şakir Ələsgərovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə Ruslan Məmmədovun cinayətinin sübuta yetirilmədiyi və ibtidai istintaqın yetərli aparılmadığı qənaətinə gəlib. Məhkəmə R. Məmmədov barəsində bəraət hökmü çıxarıb.

Qeyd edək ki, ötən məhkəmə prosesində son söz deyən R. Məmmədov ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilməyib. O deyib ki, həmin qətl hadisəsindən onun xəbəri yoxdur: “Hadisə baş verən axşam Ceyranla görüşdə olmuşam. Bu zaman ayaq səsi eşitdik. Ceyran qapını açanda “Zaur” deyərək özündən getdi. Bundan sonra Zauru görməmişəm. Zaur kənddə oğurluqla məşğul olduğu üçün elə bildim ki, oğurluğa gəlib. Ona görə də onun evinə getdim. Anası Səkinədən Zauru soruşdum. Anası dedi ki, Zaur evdə yoxdur. Anasına dedim ki, gecə vaxtı oğlun nişanlımın evinə niyə gəlib? Daha sonra Zaur evə gələndə məni görməsini istədim. Amma Zaur gəlmədi. Sabahısı gün eşitdik ki, Zaur qatarın altında qalaraq ölüb”.

Dövlət ittihamçısı R. Məmmədovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, Ruslan Rüstəm oğlu Məmmədov 2004-cü il iyunun 25-də nişanlısı Ceyran Şahverdiyeva ilə görüşməyə gəlib. R. Məmmədov nişanlısıgilə gələndə evdə həmkəndlisi Zaur Veysovu C. Şahverdiyeva ilə görüb. R. Məmmədovla Z. Veysov arasında dava düşüb. Z. Veysov oradan qaçıb. R. Məmmədov da onun dalınca qaçıb və Z. Veysovu Gəndob-Yalama dəmiryolunun 46-cı kilometrliyində, Xaçmazın Qusarçay kəndi ərazisində tutub və onu dəmir yolu relsinə bağlayıb. Qatar isə onun üstündən keçib. R. Məmmədov Z. Veysovu qətli ilə bağlı istintaqa çağırılsa da, məsuliyyətə cəlb edilməyib.

İstintaq zamanı müəyyən edilib ki, Z. Veysovu R. Məmmədov qətlə yetirib. 2008-ci ilin oktyabrında isə Rusiyadan Azərbaycana gələn R. Məmmədov polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, təqsirləndirilən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR