Məhkəmə musiqi məktəbinin sabiq direktorunu 2 il azadlıqdan məhrum edib

Məhkəmə musiqi məktəbinin sabiq direktorunu 2 il azadlıqdan məhrum edib
# 22 dekabr 2009 13:55 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Yevlax şəhər 1 saylı musiqi məktəbinin sabiq direktoru Bəylər Ağalar oğlu Bəylərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-nın xəbərinə görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə məhkəmənin hökmü ilə B. Bəylərov 2 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Maliyyə Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, adıçəkilən şəxs respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən musiqi məktəbləri və gimnaziyalarda işləyən pedaqoji işçilərdən 172 nəfərin adına saxta diplom və 4 nəfərin adına saxta arayış tərtib ediblər. Həmin diplom və arayışlar əsasında musiqi məktəbləri və gimnaziyalarda işləyən müəllimlərə qanunsuz olaraq ümumilikdə 692 567 manat əməkhaqqı ödənilməsi aşkar olunub.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən aparılmış istintaqla müəyyən edilib ki, Gəncə Musiqi Texnikumunun adından verilmiş və rayon musiqi məktəblərindən götürülmüş 1126 ədəd diplomdan 101-i və 3 arayış, Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin adından verilmiş 533 diplomdan 31-i, Naxçıvan Musiqi Texnikumunun adından verilmiş 20, Sumqayıt Musiqi Texnikumunun adından verilmiş 8 diplom və ümumilikdə 172 şəxsin adına rəsmiləşdirilmiş diplom və arayışlar həmin musiqi müəssisələri tərəfindən verilməyib.

İstintaq müəyyən edib ki, müəllimlərin bir qismi musiqi texnikumu və kolleclərini bitirmələri barədə saxta diplomları Yevlax şəhər 1 saylı musiqi məktəbinin direktoru Bəylər Bəylərovdan alıblar.
B. Bəylərov Cinayət Məcəlləsinin rüşvət alma (311.3.1) və rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə (320.1) maddəsi ilə ittiham olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR