Azərbaycanın ədliyyə naziri Almaniyanın Beynəlxalq Hüquq Fondu direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycanın ədliyyə naziri Almaniyanın Beynəlxalq Hüquq Fondu direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
# 13 yanvar 2010 14:31 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Ədliyyə naziri Fikrət Məmmədov Azərbaycanda səfərdə olan Almaniyanın Federal Ədliyyə Nazirliyi yanında Beynəlxalq Hüquq Fondunun direktoru Mattias Vekkerlenqin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə APA-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə çıxış edən F. Məmmədov Azərbaycan və Almaniya arasındakı mövcud əlaqələrdən danışıb. Hər iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin dinamik inkişafını qeyd edən nazir ötən ilin iyununda Almaniyaya səmərəli səfərini xatırladaraq, Berlində iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair imzalanmış birgə bəyanatın əlaqələrin daha da dərinləşməsi üçün geniş imkanlar açdığını vurğulayıb.

Almaniyanın Azərbaycanla hərtərəfli əlaqələrin inkişafına mühüm önəm verdiyini vurğulayan Mattias Vekkerlenqin 1992-ci ildən yaradılan və 30 ölkədə fəaliyyət göstərən Beynəlxalq Hüquq Fondunun məqsədinin tərəfdaş dövlətlərə məhkəmə-hüquq islahatlarında dəstək göstərmək olduğunu qeyd edib. O, Azərbaycanda ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə aparılan genişmiqyaslı işlərə böyük maraq göstərdiyini və bu sahədə əməkdaşlığın inkişafına hazır olduğunu söyləyib. Almaniyalı qonaq həmçinin bu istiqamətdə bir sıra konkret təkliflər də irəli sürüb.

Görüşdə həmçinin əməkdaşlığın prioritetləri müzakirə olunaraq inzibati ədliyyənin formalaşdırılması, qanunvericiliyin Avropa İttifaqının standartlarına uyğunlaşdırılması, Ədliyyə Akademiyasının və Məhkəmə-Hüquq Şurasının fəaliyyətinə dəstək, hakim və hakimliyə namizədlərin treninqi, o cümlədən xaricə tədris səfərlərinin təşkili, notariat təsisatının inkişafı və digər maraq kəsb edən mövzular üzrə faydalı fikir mübadiləsi aparılıb.

Qonaqlar nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri ilə tanış olublar.

M. Vekkerlenqin səfər çərçivəsində Konstitusiya və Ali məhkəmələrində, habelə Azərbaycan Hüquqşünasları Konfederasiyasında görüşləri nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR