Rail Rzayevin yaşadığı binanın mühafizəçisinin məhkəməsi başlayıb

Rail Rzayevin yaşadığı binanın mühafizəçisinin məhkəməsi başlayıb
# 28 yanvar 2010 16:32 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-leytenant Rail Rzayev qətlə yetirilən gün yaşadığı binanın mühafizəçisi olmuş Elşən Eyvazovun məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, cinayət işi üzrə məhkəmə prosesi Yasamal rayon Məhkəməsində hakim Rauf Talışınskinin sədrliyi ilə keçirilir. Məhkəmə baxışı sabah - yanvarın 29-da davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən Elşən Eyvazov 3 ilə yaxın Rail Rzayevin yaşadığı binada mühafizəçi kimi çalışıb. 2009-cu il fevralın 11-də Rail Rzayev qətlə yetirilənə qədər E.Eyvazov növbədə olub. R.Rzayevin qətlindən sonra - fevralın 17-də Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən E.Eyvazov saxlanılıb. E.Eyvazov R.Rzayevin qətli ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

Hazırda ona Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayev 2009-cu il fevralın 11-də qətlə yetirilib. Qətlin araşdırılması üçün Respublika Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət birgə əməliyyat-istintaq qrupu yaradılıb.

Xatırladaq ki, bu gün Elşən Eyvazovun həyat yoldaşı Səadət Qasımzadə də onun həbsi ilə bağlı mətbuat konfransı keçirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR