Sürücüdən hədə-qorxu ilə pul tələb edən 2 nəqliyyat müfəttişi Ombudsmanın müraciəti ilə işdən azad olunub

Sürücüdən hədə-qorxu ilə pul tələb edən 2 nəqliyyat müfəttişi Ombudsmanın müraciəti ilə işdən azad olunub
# 30 yanvar 2010 11:41 (UTC +04:00)
Bakı-APA. Bakı şəhər sakini Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə şikayət ərizəsi ilə müraciət edərək, 26 oktyabr 2009-cu il tarixdə idarə etdiyi avtomaşının müəssisəyə aid olduğunu nəqliyyat müfəttişlərinə bildirməsinə və yol vərəqəsini göstərməsinə baxmayaraq, müfəttişlər tərəfindən hədə-qorxu gəlməklə ondan pul tələb olunduğunu, dövlət nömrə nişanının çıxarılmasına cəhd göstərildiyini, avtomaşında olan müəssisə işçilərinin məsələyə qarışması və şahidlik etməsinin müfəttişləri bu hərəkətlərdən çəkindirdiyini bildirib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şikayətçi “Avtonəqliyyatservis” Departamentinə müraciətinə bununla bağlı verilən cavab məktubundan narazı qaldığını, konkret tədbirlər görülmədiyini bildirib. O, Ombudsmandan bu məsələnin araşdırılaraq həllində kömək göstərməsini, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını xahiş edib.

Müvəkkil şikayət ərizəsində əks etdirilmiş halların yoxlanılması, həmin müraciətlə bağlı araşdırma aparılması və müvafiq tədbirlər görülməsi üçün Nəqliyyat Nazirliyinə tapşırıq verib. Yoxlamanın nəticəsi ilə bağlı bildirilib ki, ərizəçinin şikayət məktubunda qeyd olunmuş avtomobillərdə xidmət göstərən müfəttişlərin izahatları alınıb, onların kobud davranışları müəyyən olunub. İşlərində yol verdikləri nöqsanlara görə iki müfəttiş tutduqları vəzifədən azad edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR