Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib

Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
# 02 aprel 2010 16:00 (UTC +04:00)
Bakı-APA. Daxili İşlər Nazirliyində (DİN) «Cinayətkarlığa qarşı mübarizədə işin təşkili və əməliyyat-qeydiyyat işləri üzrə həyata keçirilən tədqiq tədbirlərinin vəziyyəti»nə və «Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən işlərə və qarşıda duran vəzifələr»ə həsr olunan geniş Kollegiya iclası keçirilib. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclası daxili işlər naziri, general-polkovnik Ramil Usubov açıb.
Gündəlikdəki birinci məsələ barədə məruzə ilə Baş Cinayət-Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski çıxış edib və deyib ki, cinayətkarlığa qarşı mübarizəyə dair mövcud qanunvericilik aktlarından, ölkə prezidentinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsində, o cümlədən cinayətlərin profilaktikasında, açılmasında və axtarışda olan təqsirləndirilən şəxslərin tutulmasında mühüm amillərdən olan əməliyyat aparatı ilə işin düzgün təşkili, onun imkanlarından səmərəli istifadə olunması, əməliyyat-qeydiyyat işləri üzrə həyata keçirilən tədqiq tədbirləri mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan müvafiq fəaliyyət sahəsi daim diqqət mərkəzində saxlanılaraq Kollegiya iclaslarında, naziryanı əməliyyat müşavirələrində geniş müzakirə olunmuş, bir sıra zəruri təşkilati-praktiki tədbirlər müəyyələşdirilərək icraya yönəldilib.

«Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən işlər və qarşıda duran vəzifələr» barədə məruzə ilə çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov bildirib ki, Baş İdarənin şəxsi heyəti qanunvericiliklə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb, həyata keçirilən təşkilati və profilaktiki tədbirlər nəticəsində baş vermiş yol-nəqliyyat hadisələrinin qarşısının alınması, avtomobil parkının sürətlə genişləndiyi müasir dövrdə nəqliyyat sisteminin təkmilləşdirilməsi daim diqqət mərkəzində olub.

Qeyd olunmuşdur ki, avtomobillərin texniki vəziyyətinə nəzarət sahəsində zəruri profilaktik tədbirlər keçirilmiş, respublikada qeydiyyatda olan avtomobillərin 72,8 faizi texniki baxışla əhatə olunub. Avtonəqliyyatın texniki vəziyyətinə nəzarətin artırılması məqsədilə Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Yevlax, Şəki, Zaqatala, Balakən, Şəmkir, Bərdə və Tərtər şəhərlərində fəaliyyət göstərən diaqnostika məntəqələrinin imkanlarından səmərəli istifadə olunub, atmosfer havasının avtomobillərin zərərli təsirindən qorunması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə ötən ilin aprel-oktyabr aylarında bir sıra iri şəhərlərdə, avqustun 1-dən 31-dək isə bütün ölkə ərazisində «Təmiz hava» aylığı devizi altında tədbirlər keçirilib.
Kollegiya iclası iştirakçılarına məlumat verilib ki, təkcə 2009-cu ildə fiziki və hüquqi şəxslər tərəfindən ölkəmizə 75 min ədəd avtomobil gətirilib və bununla da respublikada nəqliyyat vasitələrinin ümumi sayı 937 mini keçib.

Belə bir şəraitdə Dövlət Yol Polisi əməkdaşları da işlərini müasir tələblər səviyyəsində qurmaq, hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün bir sıra əməli-praktiki tədbirlər həyata keçiriblər. Nəticədə ötən bir il ərzində 884 mindən çox inzibati xəta pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 20, sürət həddinin aşılması 138, ötmə qaydalarının pozulması üzrə isə 13 min fakt aşkarlanıb. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 43,5 faizi nəqliyyatın yüksək sürətlə idarə olunması, 24,3 faizi ötmə qaydalarına düzgün riayət edilməməsi və qarşıdan gələn nəqliyyatın yoluna çıxma səbəbindən baş verib. Nəticədə 105 mindən çox sürücü yerində cərimələnib, 3062 nəfərin sürücülük hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.

R. Zeynalovun sözlərinə görə, yol hərəkəti təhlükəsizliyinin təmini istiqamətində keçirilmiş kompleks tədbirlər nəticəsində yol-nəqliyyat hadisələrinin sayının və onların ağırlıq dərəcəsinin aşağı düşməsinə nail olunub. Belə ki, ötən il respublika ərazisində 2792 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 930 nəfər həlak olub, 3044 nəfər yaralanıb. 2008-ci illə müqayisədə hadisələrin sayı 178 fakt, həlak olanların sayı 122, yaralananların sayı 188 nəfər azalıb.
Nazir Ramil Usubov cari ilin ilk rübünün artıq başa çatdığını, hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının birgə səyləri ilə ötən dövrdə də cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmini sahəsində uğurlu nəticələrin qazanıldığını, əvvəlki dövrlərdə əldə olunmuş müsbət təmayüllərin bu müddətdə də qorunub-saxlanıldığını vurğulayıb və əmin olduğunu bildirib ki, şəxsi heyət prezident İlham Əliyevin qarşıya qoyduğu bütün məsul vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR