Prokuror polis əməkdaşlarını öldürən Nardaran sakininə ömürlük iş istəyib

Prokuror polis əməkdaşlarını öldürən Nardaran sakininə ömürlük iş istəyib
# 07 aprel 2010 14:38 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 2006-cı ildə Nardaran qəsəbəsində iki polis əməkdaşının qətlə yetirilməsində təqsirləndirilən kənd sakini Sahib Həsənovun cinayət işi üzrə məhkəmədə dövlət ittihamçısı çıxış edib. APA-nın xəbərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə prokuror Ehtiram Baxşəliyev məhkəmə istintaqı zamanı təqsirləndirilən Sahib Həsənovun cinayətinin sübuta yetirildiyini qənaətinə gəlindiyini deyib. Dövlət ittihamçısı məhkəmədən S. Həsənovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Proses müdafiə tərəfinin çıxışı ilə aprelin 12-də davam etdiriləcək.

İttihama görə, Nardaran sakinləri Ramiz Həsənov, Həsən Əzimov, İlham Quliyev və Sahib Həsənov avtomat və tapança ilə silahlanaraq, 2006-cı il yanvarın 25-də cinayətdə təqsirləndirilən Dərya adlı şəxsi saxlamaq üçün qəsəbəyə gedən Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları, kapitan Rövşən Rəhimov və leytenant İlqar Ağayevi qətlə yetiriblər. Başından güllə yarası alan Rövşən Rəhimov hadisə yerində həlak olub, İlqar Ağayev isə ağır yaralanıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq polis leytenantı İlqar Ağayev Ramiz Həsənovu, Həsən Əzimovu və İlham Quliyevi öldürüb. Özü isə aldığı güllə yarasından həlak olub. Hadisə yerində olan polis əməkdaşı Teymur Yusifov isə hadisə yerindən qaçmağa nail olub.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını qəsdən öldürmə), 120.2.10-cu (təkrar adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ittiham olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR